Bu gün hər bir ailədə ən az üç uşaq dünyaya gəlməlidir! – CİDDİ XƏBƏRDARLIQ 
Cəmiyyət
318
14:25, Bu gün

Bu gün hər bir ailədə ən az üç uşaq dünyaya gəlməlidir! – CİDDİ XƏBƏRDARLIQ 

Ailə institutu cəmiyyətin ən qədim və ən dayanıqlı sosial strukturlarından biri olmaqla, sosial münasibətlərin formalaşmasında, dəyərlərin ötürülməsində və fərdin şəxsiyyət kimi yetişməsində həlledici rol oynayır.

Tarix boyu ailə yalnız bioloji birlik deyil, eyni zamanda sosial nəzarət, sosiallaşma və mənəvi tərbiyə mexanizmi kimi çıxış edib. Müasir dövrdə isə sürətli qloballaşma, texnoloji inkişaf və sosial münasibətlərin transformasiyası ailə institutunun funksiyalarına və cəmiyyətdəki roluna yeni çağırışlar yaradır.

Bu gün ailə artıq yalnız məişət çərçivəsində mövcud olan birlik deyil, sosial siyasətin, hüquqi tənzimləmənin və ictimai diskussiyaların mərkəzində duran instituta çevrilib.

Boşanmaların artması, ailədaxili münasibətlərin dəyişməsi, gender rollarının yenidən formalaşması və nəsillərarası münasibətlərdəki fərqlər ailə institutunun cəmiyyətdəki yerinin yenidən dəyərləndirilməsini zəruri edir.

Məhz bu baxımdan ailə institutunun müasir cəmiyyətdə hansı funksiyaları yerinə yetirdiyi və sosial sabitliyə necə təsir göstərdiyi aktual elmi və ictimai mövzu olaraq qalır.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan deputat Hikmət Babaoğlu bildirib ki, hər bir dövlətin təməlində dayanan institusionallaşmış ilkin təşkilat ailədir:

“Ailənin möhkəm olması dövlətin də möhkəm olmasına gətirib çıxarır. Nəticə etibarilə, ailə kiçik dövlət funksiyasını həyata keçirən, özünəməxsus iyerarxik sosial struktura malik, davranış qaydaları müəyyən edən və ətrafda baş verən proseslərə xüsusi reaksiya verən institutdur. Biz ailədən bəhs edərkən onu institut kimi təsnifatlandırırıq. Bu mənada ailənin möhkəm olması son dərəcə vacibdir.

Ailə insan şəxsiyyətinin formalaşdığı ilkin mühitdir. Prezident İlham Əliyev çıxışlarında dəfələrlə qeyd edir ki, insan ilk növbədə ailə mühitində informasiya ilə, ətraf aləmlə tanış olur, daha sonra məhəlli mühitə keçir və sonda bütövlükdə cəmiyyətə inteqrasiya olunur. Bu, həm də sosiologiyanın qanunauyğunluqlarının birbaşa ifadəsidir. Bu gün ailə institutunun sağlam qalması üçün əlimizdən gələni etməliyik. Bu dəyərlər nəsildən-nəslə ötürülməli və genofonda həkk olunmalıdır.

Təəssüf ki, bəzən bilərəkdən, bəzən isə bilməyərəkdən ailə institutuna hücumlar edilir. Bu isə cəmiyyətdə ziddiyyətləri artırır və sosial deqradasiyaya səbəb olur”.

Deputat qeyd edib ki, ailə institutunun ən mühüm funksiyalarından biri təkrar istehsal funksiyasıdır, yəni əhalinin sayının artımını təmin etməkdir:

“BMT-nin ailə institutu ilə bağlı normativlərinə görə, ailə sayı ilə uşaq artımı arasında tərs mütənasiblik yarandıqda həmin cəmiyyət qocalan cəmiyyət hesab olunur və gələcək perspektivini itirir.

Bu gün hər bir ailədə ən azı üç uşaq dünyaya gəlməlidir ki, biz dövlətimizi davamlı şəkildə qoruya bilək. Əks təqdirdə əhali artımı dayanacaq, bu isə uzunmüddətli perspektivdə dövlətçiliyə mənfi təsir göstərəcək. Buna görə də ailənin inkişafı üçün əlimizdən gələn bütün imkanlardan istifadə etməliyik”.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər