Bir tarixi görüşün izi ilə – 32 il sonra
Cəmiyyət
324
21:45, Bu gün

Bir tarixi görüşün izi ilə – 32 il sonra

Bu gün 2 Fevral— Azərbaycan Gəncləri Günüdür.
 
1997-ci ildə Ulu Öndər Heydər Əliyevin imzaladığı fərmanla bu tarix rəsmi olaraq Azərbaycan gəncliyinin bayramı kimi təsbit edilib. Hər il bu gün ölkənin gələcəyini formalaşdıran gənclərin rolu, potensialı və məsuliyyəti bir daha xatırlanır.
 
Bu gün adətən 1996-cı ildə keçirilmiş Birinci Gənclər Forumunda Ulu Öndərin gənclərə verdiyi tarixi mesajlar yada salınır. Ancaq Azərbaycan gəncliyinin taleyində iz buraxan təkcə o forum olmayıb.
 
Bu tarixlə bağlı xatırlanan, amma çox zaman kölgədə qalan başqa bir mühüm görüş də var —
1994-cü ilin fevralında baş tutan və Azərbaycanın ilk gənc tələbə qrupunun Türkiyəyə təhsil almağa yola salınmasından öncə keçirilmiş tarixi qəbul.

 

Həmin görüşün iştirakçılarından biri də tanınmış jurnalist Fuad Abbasovdur. O illəri xatırlayan Abbasov deyir ki, həmin gün sadəcə bir qəbul yox, əslində gənclərə verilmiş böyük bir etimad mesajı idi:
 
“Biz o zaman cəmi 16–18 yaşında idik. Ölkənin nə qədər ağır vəziyyətdə olduğunu tam dərk etmirdik. Sadəcə bilirdik ki, Azərbaycan universitetlərində olmayan ixtisaslar üzrə oxumaq üçün seçilmişik. Amma Ulu Öndərin baxışlarında bir şey çox aydın idi — inam. Sanki deyirdi: "Gedirsiniz, amma harada olursunuzsa olun, Azərbaycanı təmsil edirsiniz".
 
Abbasovun sözlərinə görə, həmin görüşdə Ulu Öndər gənclərə sadəcə yaxşı oxumağı deyil, ölkənin adını uca tutmağı, davranışları ilə Azərbaycanı tanıtmağı tapşırmışdı:
 
“Biz də o çağırışı illərlə ürəyimizdə daşıdıq. Harada olduqsa, Azərbaycan adı ilə durduq. Mən sonradan Anadolu Ajansı, İhlas Haber Ajansı kimi qurumlarda, daha sonra Moskvada müxbir olaraq çalışdım. 18 illik jurnalist fəaliyyətimdə, xüsusilə Aprel döyüşlərindən sonra, Azərbaycanı qürurla və ləyaqətlə təmsil etməyə çalışdım. Bunun əsas səbəbi 1994-cü ildə eşitdiyim o sözlər idi".
 
Bu gün yaşları 50-ni keçsə də, ruhları hələ də gənc olan həmin tarixi görüşün iştirakçıları üçün 2 Fevral sadəcə bayram deyil — ömür boyu daşıdıqları bir məsuliyyətin simvoludur.
 
Dəyərli gənclər, 2 Fevral — Azərbaycan Gəncləri Gününüz mübarək!
 
Pərvin Şakirqızı
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər