Cəmiyyət
389
13:52, Bu gün

"İctimai Televiziya son illər ərzində ciddi inkişaf yolu keçmişdir" - Azay Quliyev

Millət vəkili Azay Quliyev Milli Məclisin bu gün keçirilən Plenar iclasında çıxış edib. 
 
Moderator.az həmin çıxışı təqdim edir:
 
"Hörmətli xanım Sədr,
 
Hörmətli millət vəkilləri,
 
Dəyərli media nümayəndələri!
 
Milli Məclisin qərarı ilə seçiləcək İctimai Televiziyanın Yayım Şurasının üzvlərini əvvəlcədən təbrik edir, onlara bu məsuliyyətli fəaliyyətlərində uğurlar arzulayıram.
 
Fürsətdən istifadə edərək Yayım Şurasının və bütövlükdə İctimai Televiziyanın fəaliyyəti ilə bağlı bəzi fikirlərimi bölüşmək istərdim.
 
İlk növbədə qeyd etməliyəm ki, İctimai Televiziya son illər ərzində ciddi inkişaf yolu keçmişdir. Texniki imkanlar əhəmiyyətli dərəcədə genişlənmiş, yayım keyfiyyəti yüksəlmiş, ictimai-siyasi və sosial-mədəni məzmunlu, baxımlı layihələrin sayı artmışdır.
 
Təqdirəlayiq haldır ki, İTV-də yayımlanan verilişlərin əksəriyyəti sosial, siyasi və  ictimai  əhəmiyyətli mövzulara, o cümlədən cəmiyyəti narahat edən, düşündürən ən aktual məsələlərə həsr olunur və bu verilişlərdə ekspertlərin iştirakı ilə peşəkar müzakirələr təşkil edilir.
 
Bunlardan   “Sabaha saxlamayaq”,  “Aydınlıq”, “Ötən Günlər” kimi verilişləri ayrıca qeyd etmək istərdim.
 
Lakin elə mövzular var ki, onlara epizodik şəkildə toxunmaqla kifayətlənmək olmaz. Çünki bu mövzular sistemli və məqsədyönlü yanaşma tələb edir.
 
1) Misal üçün, iki il öncə cənab Prezident belə bir məsələ qaldırmışdı ki, bizim indiyə kimi əsas milli ideyamız ərazilərimizi azad etmək idi. Bütün xalq bu ideya və amal ətrafında birləşmişdi və biz buna nail olduq. Gələcək inkişafla və milli hədəflərlə bağlı, əlbəttə ki, mənim fikirlərim var. Ancaq istərdim ki, cəmiyyətdə də bu məsələ ilə bağlı diskussiyalar getsin, siyasətçilər, politoloqlar, elm adamları, ziyalılar gələcək inkişafımızla bağlı əsas milli ideya və hədəflərimizin nədən ibarət olması barədə təkliflərini irəli sürsünlər. Bu, ictimai müzakirə mövzusu olmalıdır.
 
Doğrudu,  dövlət başçısının bu çağırışına qoşularaq televiziya kanallarında və mətbuatda bir neçə dəfə müzakirələr aparıldı, lakin onların davamı gəlmədi.
 
Halbuki cənab Prezident cəmiyyət üçün son dərəcə dəyərli və strateji əhəmiyyət daşıyan bir mövzu ortaya qoymuşdu. Düşünürəm ki, İctimai Televiziya bu məsələ ətrafında ictimai müzakirələri sistemli və ardıcıl şəkildə davam etdirsə yaxşı olar. 
 
2) Eyni yanaşma Azərbaycan dilinin yad təsirlərdən qorunması məsələsinə də aiddir. Dövlət başçısının bu mövzuda ifadə etdiyi narahatlığı biz hamımız bölüşürük.  
 
Bilərəkdən və ya bilmədən yol verdiyimiz dil səhvləri, dilimizin saflığına xələl gətirən söz və ifadələr hansılardır? Bu cür halların qarşısını necə ala bilərik?
 
Eyni zamanda, xarici dillərdən gələn və müasir dövrdə istifadəsi qaçılmaz olan anlayışlar mövcuddur. Bu anlayışların Azərbaycan dilində ən uğurlu, məna və üslub baxımından adekvat ekvivalentləri hansılardır?
 
Bu suallar ətrafında ayrıca televiziya və radio verilişlərinin hazırlanmasına, dilçi alimlərin, filoloqların, tənqidçilərin və media nümayəndələrinin iştirakı ilə ardıcıl müzakirələrin aparılmasına ciddi ehtiyac var. 
 
3) Bu gün, 2 fevral – Gənclər Günüdür. Fürsətdən istifadə edərək bütün gənclərimizi, xüsusilə gənc əsgər və zabitlərimizi, eləcə də qazilərimizi ürəkdən təbrik edir, onlara möhkəm sağlamlıq və uğurlar arzulayıram.
 
Azərbaycanda yeniyetmələrin və gənclərin sağlam, məsuliyyətli və vətənpərvər vətəndaş kimi formalaşması, eləcə də məktəb–valideyn əməkdaşlığının gücləndirilməsi kimi mövzulara daha çox diqqət ayrılmalıdır.
 
Bu gün gənclərimizin böyük bir qismi sosial şəbəkələrdən həddindən artıq asılı vəziyyətdədir və üzləşdikləri rəqəmsal risklərin mahiyyətini hər zaman tam dərk edə bilmir. Nəticədə onlar asanlıqla dezinformasiyanın, saxta xəbərlərin və “deepfake” texnologiyalarının qurbanına çevrilirlər.
 
Bu baxımdan məqsədəuyğun olardı ki, İctimai Televiziya hər həftə bu mövzuda gənclərin iştirakı ilə debatlar və açıq müzakirələr təşkil etsin. Sahə üzrə mütəxəssislər rəqəmsal təhlükələrə qarşı effektiv mübarizə yollarını daha aydın, anlaşılan və gənclərə yaxın dildə izah etsinlər.
 
Bu gün cəmiyyətimizdə, xüsusilə gənclər arasında, məhz bu cür maarifləndirici və istiqamətləndirici verilişlərə ciddi ehtiyac var.
 
İnanıram ki, bütün bu məsələlərin effektiv həlli  üçün İctimai Televiziyanın həm kifayət qədər texniki imkanları, həm də güclü intellektual və yaradıcı potensialı mövcuddur.
 
Ümidvaram ki, İTV-də çalışan dostlarımız bu təklifləri diqqətlə araşdıracaq və onların reallaşması istiqamətində müvafiq addımlar atacaqlar. 
Bu yolda İTV-nin Yayım Şurasına və rəhbərliyinə uğurlar arzulayıram.
 
Diqqətinizə görə təşəkkür edirəm".
 
 
 
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər