Nizami sünnidir, Nəsimi kafir? - Elbəyi Həsənli YAZIR
Cəmiyyət
346
11:21, Bu gün

Nizami sünnidir, Nəsimi kafir? - Elbəyi Həsənli YAZIR

Azərbaycan ədəbiyyatının klassikləri ilə bağlı Facebook üzərindən silsilə maarifləndirici statuslar paylaşmaq niyyətində idim. Klassik ədəbiyyatımıza ötəri bir nəzər salmaq, insanlarda bu möhtəşəm irsə maraq oyatmaq istədim. Nizami Gəncəvi, Füzuli və İmadəddin Nəsimi haqqında qısa, status formatında yazılar təqdim etdim.
 
Lakin gözlənilməz bir şey baş verdi. Nizami və Nəsimi haqqında yazılardan sonra hücumlar başladı. Obrazlı desək, mahiyyəti bir damla olanlar ümmanlara qarşı çıxdılar. “Nizami sünni idi”, “Nəsimi kafir idi” kimi iddialar ortaya atıldı. Mən də siyasi prosesləri bir kənara qoyub bu cür iddialara cavab vermək məcburiyyətində qaldım.
 
Bu iddiaların elmi əsası varmı? Xeyr. Nizami Gəncəvini sünni–şiə bölgüsünə salmaq orta əsr poeziyasını müasir məzhəbçiliklə oxumaq deməkdir. Nizami ümumiyyətlə məzhəb şairi deyil. O, islamın mənəvi–fəlsəfi mahiyyətini, daha doğrusu hikmətini yazan sənətkardır. Onun Əhli-beytə bağlılığı isə açıq və şübhəsizdir. Nizami “Xəmsə” boyunca Həzrət Əlini ədalətin, elmin və mərifətin zirvəsi kimi təqdim edir və açıq şəkildə yazır:
 
Əlidür ol şah ki, şahlar ona bəndədir,
 
Əlidür ol günəş ki, aləm ona pərvəndədir.
 
Bu misralar Nizaminin dünyagörüşünü kifayət qədər aydın göstərir. Bu, siyasi şiəlik deyil, mənəvi Əhli-beyt məhəbbətidir.
 
Nəsimi ilə bağlı “kafir” ittihamı isə daha dərin cəhalətin məhsuludur. Nəsimi hürufi idi, bəli. Amma hürufilik “kafirlik” deyil. Bu, islam daxilində yaranmış batini–fəlsəfi cərəyanlardan biridir. Nəsimi Qurana, peyğəmbərə və Əhli-beytə bağlılığını gizlətmirdi. Nəsimi dinə yox, riyaya, saxta təqvaya, zahirçi əxlaqa qarşı idi.
 
Onun təhlükəli sayılmasının səbəbi də məhz budur. Nəsimi güzgüdür. O, insanı özü ilə üz-üzə qoyur.
 
Nəsiminin Əhli-beytə münasibəti isə son dərəcə aydındır və bunu sübut etmək üçün riskli yozumlara ehtiyac yoxdur. Onun açıq, aşkar beytləri var:
 
Mənəm Əhli-beytin quluyəm, sultanı sevmərəm,
 
Kim Əlidən üz döndərər, imanı sevmərəm.
 
Bu artıq yozum deyil, mətnin özüdür. Bu beyti oxuyub Nəsimini “kafir” adlandırmaq yalnız iki şeyi göstərir: ya Nəsimini oxumamısan, ya da oxuduğunu anlamaq istəməmisən.
 
Bir nəfər isə Nəsimini ateist kimi vəsf etmişdi. Xatırlatdım ki, “İmadəddin” dinin dirəyi, dinin sütunu, dinin dayağı deməkdir. Belə bir ad daşıyan adam necə ateist ola bilər?
 
Bu cür hücumların zehni mənbəyi də bizə tanışdır. Allah Bəxtiyar Vahabzadəyə rəhmət eləsin. O, “Özümüzü axtaraq” şeirində xalqın öz böyüklərini necə gözdən saldığını ağrıyla təsvir edirdi. “Özümüzü kəsən qılınc” şeirində isə bu milli xəstəliyi çox dəqiq ifadə etmişdi. Mahiyyət etibarilə deyirdi ki, biz öz dahilərimizin hərəsinə bir böhtan yapışdırdıq: birini dinsiz, birini əyyaş, birini yaramaz elan etdik və sonda özümüzə salamat bir irs qoymadıq. Bu, bu gün də davam edən xəstəlikdir.
 
Nizami və Nəsimiyə hücum edən zehniyyət də məhz budur. Bu hücumlar elmi polemika deyil, öz kölgəsindən qorxanların refleksidir. Çünki bu klassiklər bizim kim olduğumuzu xatırladır. Onlar sual verir. Onlar güzgü tutur. Bu isə hər dövrdə təhlükəli sayılır.
 
Nizami məzhəb şairi deyil, islami hikmət şairidir. Nəsimi dinsiz deyil, mənəvi cəsarətin zirvəsidir. Onları dar məzhəb qəliblərinə salmaq Azərbaycan ədəbiyyatını yox, öz düşüncə səviyyəni ifşa edir.
 
Və bəlkə də ən acı həqiqət budur: klassiklərimizi hələ də müdafiə etməyə məcburuq. Çünki onlar böyüklüyü ilə yox, bizim kiçikliyimizlə ölçülür.
 
Elbəyi Həsənli, Sürix 
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər