Bizi sosial şəbəkələrdən izləyin:
“Atam oğlum Muradı çox istəyirdi. Ən böyük arzusu nəvəsinin toyunu görmək idi. Oğlum atamın yoxluğunu çox çətin qəbul etdi. Çünki Murad onun yanında böyümüşdü və atam ona babalıqdan çox ata əvəzi olmuşdu. Deyirdi, Muradı evləndirib, yerbəyer etsəydi, rahat olardı. Biz hələ də onun bu dünyanı tərk etməsi ilə barışa bilməmişik”.
Moderator.az bildirir ki, bunu Musavat.com-a açıqlamasında Xalq artisti Ənvər Həsənovun qızı Aytən Həsənova deyib.
O, aktyorun bəzi axivlərini hələ sağlığında kinorejissor Cəmil Quliyevə təhvil verdiyini deyib:
“Evdə onun şəxsi əşyaları, şəkilləri qalıb, mən onu saxlayıram. Onlar bizim üçün dəyərlidir”.
Qızı bildirib ki, Xalq artistinin xatirəsini bu müddət ərzində yalnız ailəvi dostları yada salıb:
“Sənət adamlarından zəng edən və onun xatirəsini anan olmayıb. Yalnız Cəmil Quliyevlə tez-tez danışıram. O, bizi axtarıb arayır, hal-əhvalımızı soruşur. Azərbaycan incəsənətində sanki yarpaq tökümü yaşanır. Rasim Balayev və Şeyx Əbdül Mahmudbəyov xəstəxanaya düşüb. Bu sənətkarların yerini dolduran olmayacaq”.
A.Həsənova atasını gözyaşları içində anıb:
”İnsanlar atam və anam haqqında elə hörmətli sözlər deyirlər, şərhlər yazırlar ki, qürur hissi keçirirəm. Xalq atamı çox sevib. Ona min ağızdan rəhmət diləyirlər. Bu məni ancaq sevindirə bilər”.
Qeyd edək ki, Xalq artisti Ənvər Həsənov ötən il martın 16-da vəfat edib.