Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətində (RİH) struktur dəyişikliyi nəticəsində bir neçə şöbə ləğv edilib.
Moderator.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, dəyişiklik nəticəsində bir neçə vəzifəli şəxs işini itirib.
Belə ki, Hüquq, İctimai-siyasi və humanitar məsələlər və Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbələri ləğv edilib.
Müvafiq olaraq, həmin şöbələrin müdirləri - Kamran Abdullayev, Munis Bayramov və Şikar Həsənalıyev işlərini itiriblər.
Yeni yaradılan Hüquq və kadr məsələləri sektoruna isə Firidun Hüseynov müdir təyin olunub. O, indiyədək ləğv olunmuş İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini işləyib.
Xatırladaq ki, bir müddət əvvəl paytaxt üzrə rayon icra hakimiyyətlərinin yeni nümunəvi strukturu və ştat vahidlərinə əsasən, Bakının hər bir rayon icra hakimiyyəti aparatında 40 ştat vahidi müəyyənləşib.
Qeyd edək ki, ötən gün dövlət başçısının müvafiq sərəncamı ilə Süleyman Surxay oğlu Mikayılov Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.