Ötən ilin noyabrında Bakının Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında baş verən yanğında vəfat edən Bakı Milli Geyim Evinin mərhum rəhbəri Könül Vəlibəylinin (Hümbətova) yaxınları Kliniki Tibbi Mərkəzdən narazıdırlar.
Moderator.az xəbər verir ki, bunu “Yeni Sabah”a açıqlamasında K.Vəlibəylinin bacısı Maya Hümbətova deyib.
Onun sözlərinə görə, K.Vəlibəylinin qızı Ləman Qulamova Kliniki Tibbi Mərkəzdə müalicə aldığı dövrdə onun qida borusu zədələnib və infeksiyaya yoluxub:
“Qida borusunda yanlış yerdən açılan deşik səbəbindən uzun müddətdir ki, Ləmanın xəstəxanada müalicəsi davam edir. Əgər bu hal baş verməsəydi, çoxdan evə buraxılmışdı. 58 gündür ki, zədələnən nahiyəyə stend taxılıb. Yaxın günlərdə Ləmanı müayinə edəcəklər. Çünki bu stend qoyulduğu andan 2 ay sonra artıq öz nəticəsini göstərməlidir. Biz isə vəziyyətdən çox narahatıq. Onu da qeyd edim ki, Ləman 2 aydır ki, nə su içir, nə də ki yemək yeyir. Onu bağırsaq yolu ilə qidalandırırlar”.
Maya Hümbətova bildirib ki, Ləman artıq 15 gündür reanimasiyadan palataya köçürülüb:
“Əvvəllər onun haqqında məlumatların çox da yayılmamasına çalışırdım. Düşünürdüm ki, Ləman oyanıb bu xəbərləri görəndə pis olacaq. Bu səbəbdən səhhəti ilə bağlı heç bir açıqlamanın yayımlanmasının tərəfdarı deyildim. İndi isə səhv etdiyimi anladım. Ləman artıq 15 gündür reanimasiyadan çıxıb. 2 aydan çoxdur ki, xəstəxanada mübarizəmizi davam etdirik, bu günlər bizim üçün çox ağır keçib. Xüsusilə bacım Könülün yoxluğu və bunu Ləmana hiss etdirməməyə çalışmaq olduqca çətindir”.
M.Hümbətova söyləyib ki, anasının öldüyünü hələ də Ləmandan gizlədirlər. Çünki belə ağır xəbərin onun səhhətinə mənfi təsir edəcəyindən qorxurlar. Ancaq bundan daha acınacaqlı bir vəziyyətlə qarşı-qarşıya qalıblar:
“Ləman 19 gün komada qaldı. Yeni Klinikanın Reanimasiya şöbəsinin müdiri Emil Qasımov Ləman üçün əlindən gələni etdi, onu həyata qaytardı. 3 saturasiya ilə xəstəxanaya yerləşdirilmişdi. Sağ qalmağına ümid yox idi. İndi özünün saturasiyası ilə nəfəs alır. Ciyərləri normal vəziyyətə qaytarılıb. Amma əsas məsələ bundan ibarətdir ki, Ləmanın traxeyası və qida borusunu zədələyiblər. Biz bunu Ləman ilk dəfə gözünü açanda öyrəndik. Bizdən çay istədi, lakin udğuna bilmədi və qaytardı. Müayinə ediləndə belə bir vəziyyətlə üzləşdiyimizi öyrənmiş olduq”.
M.Hümbətova bu zaman çərçivəsində Ləmanı tibbi sığorta ilə müalicə etdirdiklərini bildirib. Həmçinin, əlavə edib ki, bir-iki ailəvi dostlardan başqa heç kəs onlarla maraqlanmayıb.
“Yeni Klinikanın rəhbərliyi, başda Barat Yusubov olmaqla, bütün həkim kollektivindən razıyıq. Onlar Ləmanı yenidən həyata qaytarıb, ona nəfəs oldular”.
Maya Hümbətovanın iddiaları ilə bağlı Kliniki Tibbi Mərkəzə sorğu ünvanlamışıq.
Xatırladaq ki, noyabrın 21-də Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən çoxmərtəbəli binada yanğın baş verib. Hadisə zamanı 2018-ci il təvəllüdlü Arzu Qənbərli, 1983-cü il təvəllüdlü Samir Məhəmmədov və 1977-ci il təvəllüdlü Könül Hümbətova ölüb. 25 nəfər tüstüdən zəhərlənib, habelə müxtəlif şəxslərə məxsus əmlaka ziyan dəyib.