Türkiyədə restoranlarda servis haqqı tələb etmək rəsmi olaraq qadağan edilib. Restoran, şirniyyat dükanları və kafelərdə müştərilərdən servis haqqı, masa pulu və süfrə üçün əlavə ödəniş adı altında pul alınması qadağan edilib. Yeni qaydaya əsasən, ictimai iaşə obyektləri menyuda açıq şəkildə göstərilməyən heç bir əlavə məbləği hesab-fakturaya daxil edə bilməz. Qərarın məqsədi istehlakçıların aldadılmasının qarşısını almaq və qiymət şəffaflığını təmin etməkdir.
Bəs Azərbaycanda da çoxlarının narazılığına səbəb olan servis haqqı ləğv edilə bilər?
Moderator.az xəbər verir ki, mövzu ilə bağlı pravda.az-a açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, Türkiyədə servis haqqı və əlavə ödənişlərin ləğvi ilə bağlı qərar çox əhəmiyyətlidir:

“İstehlakçı multimedia və əlavə avadanlıqlarla təchiz olunmuş otaqdan istifadə edərsə, həmin xidmətlərə görə servis haqqı tətbiq oluna bilər. Lakin bu servis haqqı mütləq menyuda açıq şəkildə göstərilməlidir. Türkiyədə menyuda qeyd olunmayan hər hansı əlavə haqqın istehlakçıdan tələb edilməsi qadağandır. Azərbaycanda isə bu bəla sürətlə irəliləyir. Azərbaycanın biznes qurumları üçün yaratdığı toxunulmazlıq şəraitindən sui-istifadə edilir. Artıq bu qanunsuzluq, istehlakçı hüquqlarının pozulması normaya çevrilib. Ümumiyyətlə, hər hansısa qanun, hüquq pozuntusunun qarşısı alınmazsa, cəza olmazsa, sonra o normaya çevrilir. İnanmıram ki, yaxın bir ildə Azərbaycanda da belə bir qərar qəbul edilsin. Çünki ölkədə istehlakçı hüquqlarının qorunması sistemi çox pis vəziyyətdədir, aşağı səviyyədədir. Belə hallar turizmin inkişafına böyük zərbə endirir”.