Naxçıvanda “Konstitusiya, Suverenlik və yeni siyasi konfiqurasiya: tarixi irs, müasir çağırışlar, gələcəyə baxış” adlı fundamental elmi kitab nəşr edilib.
Moderator.az xəbər verir ki, nəşr Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilovun məsləhətçisi olduğu, Naxçıvan Ali Məclisinin sədr müavini, tarix üzrə fəlsəfə doktoru, dosent Arzu Abdullayev tərəfindən qələmə alınıb.
2025-ci il üçün elan olunmuş Konstitusiya və Suverenlik İlinə həsr edilən kitabın elmi redaktoru Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini, hüquq elmləri üzrə fəlsəfə doktoru, professor Ziyafət Əsgərov, ön sözün müəllifi Milli Məclisi sədrinin müavini, AMEA-nın müxbir üzvü *Musa Qasımlı*dir. Rəyçilər sırasında AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev və AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə yer alır.
Kitabda Azərbaycan xalqının milli ruhundan qaynaqlanan konstitusiya, suverenlik və siyasi sistem quruculuğunun tarixi salnaməsi elmi əsaslarla təqdim olunur. Müəllif Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan milli inkişaf strategiyasının son 30 ildən artıq dövrdə verdiyi real nəticələri – düzgün iqtisadi-sosial, siyasi, hüquqi və xarici siyasət kursunun təntənəsini əhatəli şəkildə təhlil edir. Eyni zamanda, çağdaş siyasi tarixə yeni missiya ilə daxil olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin milli dövlət quruculuğu və siyasi idarəçilik mərhələsinin konseptual elmi-tarixi şərhi verilir.
Ön söz, giriş, üç fəsil və nəticədən ibarət olan nəşrin “Azərbaycan Konstitusiyası: tarixi irsin, yeni çağırışların, strateji hədəflərin hüquqi tənzimlənməsi” adlı I fəslində milli dövlətçilik ənənələrimizdə Konstitusiya anlayışı, Azərbaycan Xalq Cümhuriyyəti dövründə hüquqi dövlət quruculuğu, Naxçıvandan başlanan hüquqi dövlətçilik yolu və Qurtuluş missiyasının hüquqi təntənəsi geniş şəkildə araşdırılır. Bu proseslərin tarixi kontekstdə məntiqi ardıcıllığı müfəssəl elmi təhlillə təqdim olunur.
“Suverenlik: Azərbaycanın bütövlük təsdiqi” adlı II fəsildə möhkəm təmələ söykənən suverenlik kursu, Prezident İlham Əliyevin suverenlik prioritetləri, “Qarabağ Azərbaycandır!” çağırışının Zəfər fəlsəfəsi, suverenliyin “Dəmir Yumruq”la təminatı və qüdrətli suverenliyin mərhəmət gücü elmi müstəvidə şərh edilir.
“Yeni siyasi konfiqurasiya: dayanıqlı inkişafın və milli birliyin etibarlı təməli” adlı III fəsildə isə yeni tarixi mərhələdə formalaşan siyasi konfiqurasiya, Heydər Əliyev siyasi arxitekturası, siyasi islahatların yeni prioritetləri, siyasi sistemin möhkəmlənməsi, tarixi ədalətin bərpası – Qərbi Azərbaycana Qayıdış, antiazərbaycançı şəbəkələrə qarşı zərbələr, eləcə də IV Sənaye İnqilabı Dövrünün siyasi konsepsiyası və çağırışları geniş şəkildə araşdırılır, ilkin nəticələrə dair elmi rəy təqdim olunur.
“Konstitusiya, Suverenlik və yeni siyasi konfiqurasiya: tarixi irs, müasir çağırışlar, gələcəyə baxış” kitabı elm və təhsil ictimaiyyəti, tədqiqatçılar, politoloqlar və xüsusən də gənc nəsil üçün dəyərli elmi vəsait kimi qiymətləndirilir.