Bizi sosial şəbəkələrdən izləyin:
“Məhkəmələr və hakimlər haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” qanunlarda edilmiş dəyişikliklərin icrasının təmin edilməsi məqsədilə müvafiq tədbirlər görüləcək.
Moderator.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Sərəncam imzalayıb.
Sərəncam “Məhkəmələr və hakimlər haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə 2025-ci il 23 dekabr tarixli 323-VIIQD nömrəli Qanunun və həmin Qanunun tətbiqi haqqında Prezidentin 2026-cı il 15 yanvar tarixli 581 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi daşıyır.
Sərəncama əsasən, Ədliyyə Nazirliyi Ali Məhkəmə, Məhkəmə-Hüquq Şurası və digər aidiyyəti dövlət orqanları ilə razılaşdırmaqla Nazirlər Kabinetinin normativ hüquqi aktlarının qeyd olunan Qanun və Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini beş ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.
Mərkəzi icra hakimiyyəti orqanlarına isə dörd ay müddətində Qanun və Fərmanın icrasından irəli gələn normayaratma tədbirlərini həyata keçirmək, normativ hüquqi aktlarını uyğunlaşdırmaq və ya bu barədə Ədliyyə Nazirliyinə məlumat vermək tapşırılıb.
Eyni zamanda, Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ aktlarının Qanun və Fərmana uyğunlaşdırılmasını təmin edərək altı ay müddətində bu barədə Nazirlər Kabinetinə məlumat verməlidir.
Sərəncamın icrası Nazirlər Kabineti Aparatının Hüquq və qanunvericilik şöbəsinə həvalə olunub. Sənəd imzalandığı gündən qüvvəyə minir.