İnternetdə fahişəliklə məşğul olmağa açıq çağırış edənlər cərimələnəcəklər
Cəmiyyət
228
16:28, Bu gün

İnternetdə fahişəliklə məşğul olmağa açıq çağırış edənlər cərimələnəcəklər

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilib.

Moderator.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb.

Dəyişikliyə əsasən, internet informasiya ehtiyatından və ya informasiya-telekommunikasiya şəbəkəsindən istifadə etməklə fahişəliklə məşğul olmağa açıq çağırışların edilməsinə və ya kütləvi nümayiş etdirilməklə fahişəliklə məşğul olmaqla bağlı sövdələşməyə görə 500 manat məbləğində cərimə tətbiq ediləcək.

Həmçinin cəmiyyətə açıq hörmətsizlik ifadə edən hərəkətlər xırda xuliqanlıq hesab olunacaq.

Bundan başqa, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə 50 manatdan 100 manatadək məbləğdə cərimə tətbiq olunacaq.

İşin hallarına görə pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda 15 günədək müddətə inzibati həbs tətbiq olunacaq.

İnternet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə 500 manatdan 1 000 manatadək məbləğdə cərimə ediləcək, işin hallarına görə pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda 30 günədək müddətə inzibati həbs tətbiq olunacaq.

Yuxarıda nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə 1 000 manatdan 2 000 manatadək məbləğdə cərimə ediləcək, işin hallarına görə pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq ediləcək.

Yuxarıdakı üç abzasda göstərilən əməllər Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən, cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq ediləcək.

Həmçinin dəyişikliyə əsasən, avtoxuliqanlıq, yəni mopedin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərə cərimə tətbiq ediləcək.

Belə ki:

aşkar surətdə iki və ya daha artıq nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışının həyata keçirilməsinə,

nəqliyyat vasitəsinin bir və ya daha çox təkərinin yolun səthindən qaldırmaqla idarə edilməsinə,

nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çox sayda təkər izinin buraxılmasına görə (yol-nəqliyyat hadisəsinin qarşısını almaq məqsədilə nəqliyyat vasitəsini sərt tormozlamaq nəticəsində sürtünmə səslərinin çıxarılması və ya təkər izlərinin buraxılması hallarına bu maddəsinin qüvvəsi şamil edilməyəcək) nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla 500 manatdan 750 manatadək məbləğdə cərimə ediləcək və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla 15 gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunacaq.

Yuxarıda nəzərdə tutulmuş hərəkətlərin inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla 750 manatdan 1 000 manatadək məbləğdə cərimə ediləcək və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunacaq.

Yuxarıda nəzərdə tutulmuş hərəkətlərin yolda müəyyən edilmiş hərəkət sürəti həddini 60 km/saatdan artıq aşmaqla törədilməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla 2 000 manatdan 4 000 manatadək məbləğdə cərimə ediləcək və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunacaq.

Bundan başqa, dövlətimizin başçısı "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında" Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə fərman da imzalayıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər