Özəl sektorda əmək hüquqlarının pozulması ilə bağlı şikayətlər səngimək bilmir.
Moderator.az xəbər verir ki, bu dəfə müraciət edən vətəndaş Mürsəlov Fəxri Gəncalı oğlu çalışdığı “Xaliq Faiqoğlu” şirkətindən narazılığını dilə gətirib.
Vətəndaş çalışdığı müddətdə əməkhaqqının 10-15 gün gecikdirildiyini, normadan artıq işlədildiyini və məzuniyyət hüququnun təmin olunmadığını, işdən çıxarılarkən hesablaşmanın (raşotnoy) da düzgün aparılmadığını iddia edib.
Fəxri Mürsəlov qeyd edib ki, şirkətdə 1 il 9 ay çalışıb. Keçən ay səhhətində yaranan problem səbəbilə dizindən əməliyyat olunub və bu müddətdə işə çıxa bilməyib. Şikayətçinin iddiasına görə, həmin vaxt ona işdən çıxması üçün ərizə yazmaq təklif edilib:
“Yanvarın 11-də böyük çətinliklə gedib ərizə yazdım. Ərizədən sonra kartıma cəmi 261 manat köçürüldü. Noyabr ayında yarım ay işləmişdim. Daha sonra səhhətim pisləşdi, xəstəxanada yatdım və əməliyyat olundum”, – deyə şikayətçi vurğulayıb.
Problemlə əlaqədar KONKRET.az “Xaliq Faiqoğlu” şirkətinə sorğu ünvanlayıb.
Sorğuya cavab olaraq bildirilib ki, şirkətin təmir mərkəzində çilingər vəzifəsində çalışan Mürsəlov Fəxri Gəncalı oğlu 09.11.2025-ci il tarixinədək işə çıxıb. Lakin həmin tarixdən sonra işə davam etməyib.
Şirkətin açıqlamasında qeyd olunub ki, vətəndaş 15.12.2025–25.12.2025 tarixlərini əhatə edən xəstəlik vərəqəsini təqdim edib.
Bununla yanaşı, şirkət əməkdaşın işdən çıxarılması ilə bağlı ona hər hansı tələb irəli sürülmədiyini bildirib. Şirkətdən vətəndaşın digər iddialarının da araşdırılacağı və cavab veriləcəyi qeyd olunub.
(konkret.az)