Keçən il mediatorlar tərəfindən ümumilikdə 8.133 barışıq sazişi imzalanıb
Cəmiyyət
110
20:15, Bu gün

Keçən il mediatorlar tərəfindən ümumilikdə 8.133 barışıq sazişi imzalanıb

2025-ci il ərzində mediatorlar tərəfindən ümumilikdə 8.133 barışıq sazişi imzalanıb ki, bu da təhlil olunan bütün indikatorlar üzrə 47.4% uğurlu nəticə deməkdir. Əldə edilən barışıqlardan 7.394 barışıq ailə, 434 barışıq əmək, 42 barışıq kommersiya, 257 barışıq mülki mübahisələrlə bağlı müraciətlər üzrədir. Bakı şəhərindən 4 müraciət, Goranboy rayonundan 2 müraciət olmaqla, ümumilikdə 6 müraciət isə probasiya nəzarətində olan şəxslərin barışdırılması ilə nəticələnib. Probasiya nəzarətində olan şəxslərin işləri üzrə uğurlu barışıq sazişləri sahəsində nailiyyət Ədliyyə Nazirliyinin Probasiya xidməti ilə birlikdə əməkdaşlıq nəticəsində baş tutub.

Moderator.az xəbər verir ki, bu barədə Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilovun rəhbərlik etdiyi qurum barədə verdiyi hesabatda qeyd edilib.

Nadir Adilovun sözlərinə görə, 2025-ci il ərzində mediasiya təşkilatlarına ümumilikdə 49.532 müraciət daxil olub. Daxil olan müraciətlərdən 44.451 müraciət ailə mübahisələri, 4.136 müraciət əmək mübahisələri, 157 müraciət kommersiya mübahisələri, 781 müraciət isə mülki mübahisələr üzrədir. Həmçinin 2025-ci il ərzində 1 inzibati və 6 probasiya nəzərətində olan şəxslərin mübahisələri üzrə mediasiyaya müraciət olunub.

Daxil olan müraciətlərdən 49.494 müraciət tamamlanıb. Tamamlanan işlərdən ilkin mediasiya sessiyasında yalnız bir tərəfin iştirak etdiyi işlərin ümumi sayı 24.297, tam mediasiya sessiyasına keçdikdən sonra davam etdirilməyən işlərin ümumi sayı 9.034, ümumiyyətlə isə mübahisə üzrə müraciətdən imtina edən şəxslərin sayı isə 8.030 nəfər təşkil edib. Bu isə o dəməkdir ki, bu şəxslər mediasiya zamanı fikrini müsbətə doğru dəyişərək mübahisələrini mediasiya mərhələsində öz aralarında, həmçinin mediatorun iştirakı ilə həll ediblər.

Bildirilib ki, hazırda ölkə üzrə Mediasiya Şurasının üzvü olan 396 mediator fəaliyyət göstərir. Onlardan 141 nəfəri qadın, 255 nəfəri isə kişidir. Mediatorların 216 nəfəri Bakı şəhərində, 6 nəfəri Naxçıvan Muxtar Respublikasında, 174 nəfər isə regionlar üzrə fəaliyyət göstərir. Mediasiya təşkilatlarının ölkə üzrə sayı 71-dir. Təşkilat direktorlarının 14 nəfəri qadın, 57 nəfəri isə kişidir. 2026-cı il tarixində aidiyyəti dövlət qurumu ilə birlikdə mediasiya təşkilatları olmayan rayonlarda mediasiya təşkilatlarının dövlət qeydiyyatına alınması planlaşdırılır.

2025-ci il eyni zamanda Mediasiya Şurasının beynəlxalq əlaqələri üçün də çox əhəmiyyətli il olub. Belə ki, bir neçə ölkə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış “Mediasiya haqqında” Qanunu nümunə götürərək öz milli qanunvericiliklərinə tətbiq ediblər.

Mediasiya Şurası 2025-ci ildə 8 sayda nəzəri ədəbiyyat nəşr edib, 500-dən çox maarifləndirici seminar, təlim, konfrans təşkil edib.

Mediasiya Şurasının 1927 qaynar xəttinə daxil olan müraciətlərin sayı 575 olub. Bu müraciətlər çevik şəkildə araşdırılaraq vətəndaşların müraciətləri həll edilib.

Mediasiya Şurasının İntizam Komissiyası 2025-ci ildə komissiya üzvlərinin iştirakı ilə müxtəlif məsələlər, o cümlədən mediatorlar və mediasiya təşkilatları tərəfindən yol verilən pozuntular ilə əlaqədar 21 iclas keçirib. Qeyd edilən iclasların gündəliyinə 75 məsələ daxil edilib ki, bunlardan mediasiya xidmətləri sahəsində preventiv tədbirlərin görülməsi ilə bağlı məsələlər, o cümlədən qanunvericilikdə edilmiş dəyişikliklərə, mediasiya fəaliyyətinin və təlim qaydalarının təkmilləşdirilməsi, mediasiyanın inkişafı ilə bağlı yeni layihə və blank nümunələrinin hazırlanması, ədliyyə, məhkəmə, prokurorluq və s. orqanlardan daxil olan müraciətlərə (təklif, təqdimat, xüsusi qərardad və s.) operativ və şəffaf əsaslarla baxılması, həmçinin intizam icraatı başlanmış şikayətlərin araşdırılması və Rəy hazırlanması üçün komissiya üzvləri arasında bölüşdürülməsi məsələlərinə həsr olunub. İntizam Komissiyasının təqdimatı əsasında Mediasiya Şurasının İdarə Heyəti tərəfindən 15 nəfər mediator üzərində intizam icraatı tətbiq edilib. 5 mediatora irad tutma, 9 mediatora töhmət, 1 mediatora isə 3 ay mediator fəaliyyətinin dayandırılması ilə bağlı intizam icraatı tədbiri tətbiq olunub. Bundan əlavə isə intizam icraatından kənar icraatlar üzrə 12 mediatora fəaliyyətlərində ciddi dönüş yaratmaq məqsədi ilə şifahi və yazılı xəbərdarlıq edilərək profilaktik söhbətlər aparılıb.

Nadir Adilov qeyd edib ki, 2025-ci il ərzində 20-dən çox beynəlxalq konfransda 60-dan çox Mediasiya Şurasının üzvü olan mediator iştirak edib, xarici ölkələrin mediasiya təcrübəsinin həyata keçirilməsində fəallıq göstərərək, beynəlxalq sertifikatlar əldə ediblər.

“Mediasiya Şurası Türk Dünyası Mediatorlar Birliyi çərçivəsində türkdilli ölkələrin mediasiya birlikləri və mediatorları ilə qarşılıqlı əməkdaşlığı 2025-ci ildə də davam edib və türkdilli dövlətlərin mediasiya sahəsində təcrübəsi qarşılıqlı şəkildə öyrənilib. Mediasiya Şurası öncəki fəaliyyəti dövründə olduğu kimi, Azərbaycan Respublikasının bütün dövlət qurumları ilə sıx və səmərəli əməkdaşlıq edib və bu əməkdaşlıq nəticəsində mediasiya institutunun inkişafı sahəsində çox ciddi nəticələr əldə edilib”- deyə, Nadir Adilov fikirlərini tamamlayıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər