Bəzi məhsullar var ki, onlar istehlakçılara vahid tariflə təqdim olunur və həmin qiymətdən baha və ya ucuz satılması qadağandır. Bu kateqoriyaya daxil olan malların qiyməti Tarif Şurası tərəfindən tənzimlənir. Lakin bazardakı məhsulların böyük əksəriyyəti bu siyahıya aid deyil və azad qiymət mexanizmi ilə satışa çıxarılır.
Məhz bu səbəbdən də istehlakçılar tez-tez eyni mənzərə ilə qarşılaşırlar: eyni marka, eyni qablaşdırma, eyni məhsul — amma fərqli qiymət.
Məsələn, bir marketdə 1 manat 60 qəpiyə satılan məhsul bir neçə addım aralıdakı digər mağazada 2 manat 20 qəpiyə təklif olunur. Eyni hal apteklərlə marketlər arasında da müşahidə edilir. Gigiyenik vasitələr, uşaq qidaları, bezlər, bəzi çay və qida məhsulları apteklərdə adətən daha baha qiymətə satılır.
Bu fərq zahirən təsadüfi görünsə də, əslində bazar iqtisadiyyatının işləmə prinsiplərini açıq şəkildə əks etdirir. Qiymətlərin niyə hər yerdə eyni olmadığı və bunun istehlakçının gündəlik seçimlərinə necə təsir göstərdiyi hazırda xüsusilə аktual mövzulardandır.
Mövzu ilə bağlı istehlakçı bazarını yaxından izləyən qurumun mövqeyi də maraq doğurur.
Moderator.az bu kontekstdə Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun fikirlərini öyrənib.
Eyyub Hüseynov bildirib ki, bazar iqtisadiyyatı şəraitində eyni məhsulun müxtəlif satış nöqtələrində fərqli qiymətlərlə təqdim olunması tamamilə normal və qanuni haldır:

“Dövlət tərəfindən tənzimlənməyən qiymətlər sferasında sahibkarlar satış qiymətini sərbəst müəyyən edirlər və bu prosesə birbaşa müdaxilə edilmir. Belə hallarda əsas seçim hüququ istehlakçıya məxsusdur — alıcı daha münasib qiymət təklif edən satış nöqtəsini seçməlidir.
Hətta dövlət tərəfindən qiyməti tənzimlənməyən dərman vasitələrində belə apteklər arasında qiymət fərqləri müşahidə oluna bilər və bu da bazar mexanizmlərinin təbii nəticəsidir”.
Birliyin sədri eyni zamanda mühüm bir məqama da diqqət çəkib:
“Məhsulun vitrində bir qiymətlə göstərilib, kassada daha yüksək məbləğlə hesablanması artıq süni qiymət artımıdır və bu, istehlakçı hüquqlarının kobud şəkildə pozulması deməkdir. Belə hallarla qarşılaşan vətəndaşlar Prezident yanında Antiinhisar və Bazara Nəzarət Dövlət Agentliyinin 012-599-7600 qaynar xəttinə müraciət edərək faktı bildirməlidirlər. Belə müraciətlər bazarda şəffaflığın və istehlakçı hüquqlarının qorunması baxımından böyük əhəmiyyət daşıyır”.
Pərvin Şakirqızı