Bizi sosial şəbəkələrdən izləyin:
Bakı metrosunun "Dərnəgül" elektrik deposu ərazisində tunellərdə yol infrastrukturu üzrə əsas işlər artıq tamamlanıb, hazırda isə yol infrastrukturuna daxil olan digər texniki elementlər üzərində işlər davam etdirilir.
Moderator.az xəbər verir ki, bunu report-a Bakı Metropoliteni QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib.
Onun sözlərinə görə, paralel olaraq qatarların təmiri, dayanması və baxışı üçün nəzərdə tutulan sahənin inşası üzrə işlər aparılır.
"Depo ərazisində Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən dövlət proqramına uyğun olaraq avtomobil və piyada ötürücü tunelin inşası açıq üsulla həyata keçirilir", - B.Məmmədov əlavə edib.
Mətbuat katibi qeyd edib ki, bu layihə şəhərdə nəqliyyat infrastrukturunun yaxşılaşdırılması baxımından çox əhəmiyyətlidir:
"Bu səbəbdən və işlərin prioritet ardıcıl təşkilinə müvafiq olaraq, hazırda piyada və avtomobil tunellərinin açıq üsulla inşası üçün şərait yaradılıb. Aprel ayına qədər depo ərazisinə aid işlər yekunlaşdırılacaq. Həmin vaxt qısa müddət ərzində deponun iki hissəsinin dəmir yolu ilə əlaqələndirilməsi tamamlanaraq, birinci mərhələ üzrə işlər yekunlaşdırılacaq".