Bakının Mərkəzi Ərazilərində Mənzil Qiymətləri Niyə Rekord Səviyyəyə Çatdı? - Səbəblər Açıqlandı
Cəmiyyət
577
18:17, Bu gün

Bakının Mərkəzi Ərazilərində Mənzil Qiymətləri Niyə Rekord Səviyyəyə Çatdı? - Səbəblər Açıqlandı

Bakı şəhərinin mərkəzi ərazilərində mənzil qiymətləri rekord səviyyəyə yüksələrək bir kvadratmetr üçün 17 min manatı keçib. Hər yeni elan bazarda əvvəlkindən daha yüksək qiymətlərlə görünür.

Moderator.az daşınmaz əmlak bazarında yaranmış qiymət artımı ilə bağlı Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, iqtisadçı ekspert Vüqar Orucun fikirlərini öyrənib.

Ekspert Bakı şəhərinin mərkəzi ərazilərində mənzil qiymətlərinin rekord səviyyəyə qalxmasını və bazarda gələcək perspektivi dəyərləndirib:

1461012

"Qiymət artımının səbəbləri bu günə yox, 3–4 il əvvələ təsadüf edir. Rusiya və Ukrayna arasında müharibənin başlanmasından sonra inşaat materiallarının qiyməti artdı və tikintinin maya dəyəri yüksəldi. Eyni zamanda xaricdə biznes fəaliyyəti olan soydaşlarımız ölkəyə yönəlməyə başladı, bizneslərini transfer etdilər və əsas diqqəti kirayə və icarə bazarına yönəltdilər. Mənzillərin, qeyri-yaşayış və torpaq sahələrinin aktiv şəkildə alınması başlanıldı. Qiymət artımının ilk mərhələsi bununla start götürdü.

Sonradan bank depozit gəlirlərinə tətbiq olunan 10 faizlik gəlir vergisi və aktiv biznesə marağın azlığı bahalaşmaya səbəb oldu. Hazırda da daşınmaz əmlak prioritetini qoruyub saxlayır və inkişafını davam etdirir. Qiymət artımının əsas səbəblərindən biri budur. Bundan əlavə bazarda olan tələb də qiymətlərin yüksəlməsində mühüm rol oynayır. Sahibkarlar və müəyyən kapital yığmış vətəndaşların sərmayələrini hansı istiqamətə yönəltməsi qiymətlərin formalaşmasına birbaşa təsir göstərir".

Vüqar Oruc əlavə edib ki, qiymətlərin artımı həm də daşınmaz əmlakın ölkədə strateji investisiya istiqaməti olduğunu göstərir:

"Bakı şəhəri baş planı 2040 layihəsi çərçivəsində tarixi və qədim simanı qoruyaraq söküntü işləri aparılır, yeni binalar tikilir, parklar salınır və abadlıq işləri həyata keçirilir. Eyni zamanda tikinti şirkətlərinin xərcləri rəsmiləşdirilib və əlavə dəyər vergisi ödəyicisinə çevriliblər. Bu amillər tikinti xərclərinin artmasına və nəticədə mənzil qiymətlərinin yüksəlməsinə səbəb olub. Son illər ərzində tikintinin qiyməti təxminən 100 faiz artıb.

Bazarın mövcud durumu, tələbin artması və investisiya cazibədarlığının yüksəlməsi, həmçinin söküntü və yeni quruculuq işləri, torpaqların azad olması və infrastrukturun bərpası qiymətlərin formalaşmasında təsirli olub. Bəziləri birbaşa iqtisadi amillərlə bağlıdır, bəziləri isə dolayısı ilə siyasi amillərdən qaynaqlanır. Hazırda 17000–17 500 manat təklif edilən mənzillər olduğu kimi, qeyri-yaşayış sahələrində bir kvadratin 50 min manata qədər təkliflərlə də rastlaşmaq mümkündür".

Vüqar Oruc fikirlərinə əlavə edib ki, qiymət artımı iqtisadi inkişaf və davamlı siyasətin nəticəsidir:

"Əmlakın əlçatanlığının artırılması üçün vətəndaşların maddi rifahının yüksəldilməsi, əmək haqlarının artırılması, minimum əmək haqqının yüksəldilməsi, kreditlərin verilməsində əlçatanlığın təmin olunması, onların həcmi və sayının artırılması, sosial layihələrin genişləndirilməsi qiymət artımına olan etirazı azalda bilər. Daşınmaz əmlak yalnız inkişaf etməyən ölkələrdə ucuz olur. Arzu edirəm ki, inkişaf davam etsin, əmlak bahalaşsın və vətəndaşlar bu mülkləri əldə etmək imkanına malik olsun".

Pərvin Şakirqızı

Link kopyalandı!
Son xəbərlər