Bakıda bir qrup kuryerdən örnək davranış: Sığınacaq sakinlərini sevindirdilər
Cəmiyyət
320
16:55, Bu gün

Bakıda bir qrup kuryerdən örnək davranış: Sığınacaq sakinlərini sevindirdilər

Gənclərin sosial məsuliyyətə verdiyi dəyər növbəti dəfə təqdirəlayiq bir addımla özünü göstərib. Belə ki, Bakıda kuryer kimi çalışan bir qrup gənc işlədikləri şirkət tərəfindən onlara təqdim olunan endirim kuponlarını şəxsi məqsədləri üçün istifadə etmək əvəzinə, xeyirxah bir təşəbbüsə imza atıblar. 

Moderator.az xəbər verir ki, gənclər topladıqları kuponlarla aldıqları yeməklərlə Mehriban Uşaq və Qadın Sığınacağının sakinləri üçün gözəl bir süfrə təşkil ediblər.

Bu nümunəvi davranışla bağlı Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova sosial şəbəkə hesabında paylaşım edərək gənclərə təşəkkürünü bildirib: 

“Bu gənclər kuryer kimi çalışırlar. İşlədikləri şirkət tərəfindən onlara endirimli kuponlar təqdim olunub. Onlar da bu kuponları toplayaraq sığınacaq sakinləri üçün gözəl bir süfrə təşkil ediblər. Gənclərimizin bu nümunəvi davranışı təqdirəlayiqdir. Onlara dərin minnətdarlığımızı bildiririk.” 

Gənclərin bu addımı həm birlik, həm də paylaşma ruhunun bariz nümunəsi kimi sosial şəbəkə istifadəçiləri tərəfindən böyük rəğbətlə qarşılanıb. Cəmiyyətimizdə empatiya, mərhəmət və sosial həmrəylik kimi dəyərlərin yaşadılması baxımından bu kimi addımlar xüsusi önəm daşıyır. Bu gənclərin davranışı göstərir ki, xeyirxahlıq üçün böyük imkanlara yox, böyük ürəyə ehtiyac var.

 

 

Link kopyalandı!
Son xəbərlər