Hesabat ilində Rəyasət Heyətinə 1 556 şikayət daxil olub.
Moderator.az xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının illik hesabatında qeyd olunub.
Məlumata görə, bunlardan 162 (11 %) müraciət üzrə intizam icraatı başlanılıb (10 müraciət bir icraatda birləşdirilməklə), 1 394 (89 %) müraciət üzrə isə intizam icraatı başlanılması üçün əsas müəyyən edilməyib. İntizam icraatı başlanılan 162 müraciətin 114-ü (71 %) fiziki və hüquqi şəxslərdən, 46-sı (28 %) dövlət orqanlarından, 2-si (1 %) isə qeyri-dövlət orqanlarından daxil olan müraciətlərdir.
Vəkillərin İntizam Komissiyasının icraatında 190 intizam işi olub, onlardan 38-i (20 %) 2024-cü ildən qalıq qalan işlər, 152-si (80 %) isə 2025-ci ildə daxil olan işlərdir.
Vəkillərin İntizam Komissiyasının 15 iclası keçirilib. 190 intizam işindən 161 iş üzrə (85 %) müvafiq rəylər qəbul edilib, 25 iş üzrə (18 %) icraata xitamla bağlı VK Rəyasət Heyəti qarşısında məsələ qaldırılıb, 4 iş (2 %) isə hələ icraatda olmaqla araşdırması davam etdirilir.
Müvafiq rəy qəbul edilən 161 işdən 117 iş üzrə (73 %) pozuntu müəyyən olunub, 13 iş üzrə (8 %) pozuntu müəyyən olunmayıb, 31 iş üzrə (19 %) isə hüquqi qiymət verilməsinin mümkün olmaması nəticəsinə gəlinib.
2024-cü ildə daxil olmuş və baxılmış 16, 2024-cü ildə daxil olmuş və 2025-ci ildə baxılmış 35, 2025-ci ildə daxil olmuş və baxılmış 118 intizam işi üzrə Vəkillərin İntizam Komissiyasının qəbul etdiyi müvafiq rəylər (habelə icraata xitamla bağlı arayışlar) əsasında VK Rəyasət Heyəti tərəfindən ümumilikdə 169 qərar qəbil edilib.
Onlardan: İntizam tənbehi tətbiq edilmədən qanunvericiliyin tələblərinə riayət etməni diqqətə çatdırma 36 (21 %), xəbərdarlıq etmə 4 (2 %), irad tutma 18 (11 %), töhmət vermə 21 (12 %), cərimə 2 (1 %), vəkillik fəaliyyətini müəyyən müddətə dayandırma 10 (6 %), Kollegiya üzvlüyündən xaric etmə (vəkil sayına görə) 5 (3 %), pozuntu müəyyən olunmadığına, şikayət geri götürüldüyünə görə və sair əsaslarla intizam icraatına xitam vermə 40 (24 %), habelə qiymət verilməsinin mümkün olmaması 33-dür (20 %).
2025-ci ildə Vəkillərin İntizam Komissiyası tərəfindən baxılaraq müvafiq rəy qəbul edilən və VK Rəyasət Heyəti tərəfindən hələ müvafiq qərar qəbul edilməyən iş sayı isə 21-dir.