FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət etdi
Cəmiyyət
271
17:18, Bu gün

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət etdi

Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.
 
Moderator.az xəbər verir ki, müraciətdə nazirlik əhalini müvafiq təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırıb.
 
"Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, ölkə ərazisində yaxın günlər ərzində havanın yağıntılı olacağı, əsasən dağlıq və dağətəyi rayonlara qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, temperaturun xeyli enəcəyi, bəzi yerlərdə arabir güclü külək əsəcəyi proqnozlaşdırılır.
 
Qeyd olunanlarla bağlı FHN əhaliyə müraciət edərək, müvafiq təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırır.
 
Belə ki, soyuq hava şəraiti qaz və elektrik qızdırıcı cihazlarından istifadənin xeyli artmasına səbəb olduğundan bu cihazlardan istifadə zamanı yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməlidir. Nasaz, qeyri-standart və ya kustar üsulla hazırlanmış qızdırıcı cihazlardan istifadə edilməməli, elektrik şəbəkəsi həddindən artıq yüklənməməli, işlək vəziyyətdə olan qızdırıcı cihazlar nəzarətsiz qoyulmamalıdır.
 
Eyni zamanda, xüsusilə dağlıq ərazilərdə vətəndaşlar şaxtalı və qarlı havada mümkün qədər yaşayış məntəqəsini tərk etməməli, belə bir zərurət yarandıqda hərəkət istiqaməti barədə yaxınlarını əvvəlcədən məlumatlandırmalı, avtomobilin texniki göstəricilərinin fəslə uyğunluğunu və kifayət qədər yanacaq ehtiyatını təmin etməlidirlər. Qar uçqunu ehtimalı olan yerlərdən, o cümlədən dik yamaclardan kənar gəzmək və günün qaranlıq vaxtına qalmadan yaşayış məntəqəsinə geri dönmək tövsiyə olunur.
 
Bundan başqa, güclü külək zamanı yüngülkonstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Həmçinin, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir.
 
Unutmayın: Qaydalara biganəlik - həyatımıza təhlükədir!
 
Təhlükə zamanı 112-yə zəng edin!" - məlumatda qeyd olunur.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər