Bizi sosial şəbəkələrdən izləyin:
İsveç Krallığının Malmö şəhərində vəfat edən Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyevin cənazəsi Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və təşkilatçılığı ilə bu gün saat 21:05-də Vətənə gətiriləcək.
Bu barədə Moderator.az-a Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, cənazə komitə nümayəndələrinin də iştirakı ilə Heydər Əliyev adına Beynəlxalq Hava Limanında qarşılanacaq.
Mərhumla vida və dəfn mərasimi yanvarın 16-da saat 11:00-da Hərbi Memorial Məzarlıqda (II Fəxri Xiyaban) keçiriləcək.
Yas mərasimi isə 17 yanvar 2026-cı il tarixində saat 11:00-da Təzəpir məscidində olacaq.
Xatırladaq ki, Şahin Tağıyev 3 fevral 1949-cu ildə Tərtər rayonunda anadan olub. O, 29 dekabr tarixində İsveç Krallığının Malmö şəhərində uzun sürən xəstəlikdən sonra vəfat edib. Əslən Şuşadan olan Şahin Talıb oğlu Tağıyev 1949-cu il fevralın 3-də Tərtər şəhərində anadan olub. 1969-cu ildə Energetika Texnikumunu bitirib və təyinatla Rusiyanın Udmurt vilayətinə göndərilib. Gənc yaşlarından Rusiya və Azərbaycanda əvvəlcə energetika, ardınca ticarət sahələrində fəaliyyət göstərən Şahin Tağıyev 1988-ci ildə milli azadlıq hərəkatına qoşulub. 1991-ci ildə könüllü olaraq Qarabağ müharibəsinə qatılan qəhrəman leytenant rütbəsində bölük komandiri kimi döyüşlərə rəhbərlik edib. 1992-ci ildə həmin bölüyün bazasında yaradılan “Qurtuluş” batalyonunun komandiri təyin edilərək Ağdərə istiqamətində düşmən cəbhəsinin yarılmasında, eləcə də Tərtər, Seysulan, Yarımca və Levonarx istiqamətlərində aparılan döyüşlərdə xüsusi igidlik nümayiş etdirib.