Məktəblərdə şənbə günü də dərs keçiriləcək?
Cəmiyyət
297
20:19, Bu gün

Məktəblərdə şənbə günü də dərs keçiriləcək?

Son günlər müşahidə olunan kəskin soyuq hava şəraiti fonunda bəzi məktəblərdə dərslərin təxirə salınması məsələsi gündəmə gəlib. Maraqlıdır, bu halda itirilən dərs saatlarının şənbə günləri hesabına kompensasiya olunması mümkündürmü?

Moderator.az xəbər verir ki, mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən təhsil eksperti Ramin Nurəliyev bildirib ki, orta ümumtəhsil müəssisələrində tədris proqramı və dərs müddəti ilə bağlı hər hansı dəyişiklik yalnız Elm və Təhsil Nazirliyinin və müvafiq regional təhsil idarələrinin razılığı əsasında həyata keçirilə bilər.

Ekspertin sözlərinə görə, məktəblər öz təşəbbüsü ilə, hava şəraitinin kəskin soyuq olması və ya digər səbəbləri əsas gətirərək dərs vaxtlarını dəyişə bilməz:

“İstər hava şəraiti, istər yol şəraitinin buzlu olması, istərsə də hər hansı xəstəlik halları olsun, bütün bu hallarda mütləq şəkildə aidiyyəti qurumlardan rəsmi icazə alınmalıdır. Bu razılıq olmadan atılan addımlar qanunauyğun hesab edilmir.”

Ramin Nurəliyev qeyd edib ki, dərslərin şənbə gününə keçirilməsi də müəyyən çətinliklər yarada bilər:

“Məsələn, 5-ci günün dərsini şənbə gününə keçirmək istəyirlərsə, nəzərə almaq lazımdır ki, şənbə həm şagirdlər, həm də müəllimlər üçün istirahət günüdür. Tədris təqviminin özbaşına dəyişdirilməsi müəllimlərin proqramına və iş rejiminə mənfi təsir göstərə bilər. Müəllim şənbə gününü istirahət günü kimi əsas gətirərək dərsə qoşulmaya bilər.”

Ekspert vurğulayıb ki, yalnız müvafiq rəhbərliyin rəsmi qərarı və müəllimlərin əvvəlcədən məlumatlandırılması halında dərs günlərinin dəyişdirilməsi mümkündür:

“Əgər bu məsələ nazirlik və regional idarələrlə razılaşdırılarsa və məktəb rəhbərliyi tərəfindən müəllimlərə rəsmi şəkildə bildirilsə, o zaman tədris vaxtının dəyişdirilməsi hüquqi baxımdan mümkün hesab edilər.”

Beləliklə, soyuq hava şəraiti ilə əlaqədar dərslərin təxirə salınması və onların şənbə günləri ilə kompensasiya olunması yalnız rəsmi icazə və razılaşdırma əsasında həyata keçirilə bilər.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər