Hibrid avtomobillər bu səbəbdən bahalaşdı - AÇIQLAMA
Cəmiyyət
919
17:58, Bu gün

Hibrid avtomobillər bu səbəbdən bahalaşdı - AÇIQLAMA

Avtomobil bazarında son dövrlər müşahidə olunan qiymət dəyişiklikləri alıcıların diqqət mərkəzindədir. Xüsusilə də ekoloji və iqtisadi baxımdan üstünlük verilən hibrid avtomobillərlə bağlı yaranan yeni vəziyyət bazarda fərqli gözləntilər formalaşdırıb. Qiymətlərin hansı səbəblərdən dəyişməsi, bu prosesin davamlı olub-olmaması və bazara mümkün təsirləri  alıcılar arasında ən çox müzakirə olunan mövzulardandır.

Mövzu ilə bağlı Moderator.az-a danışan nəqliyyat eksperti Eldəniz Cəfərov bazarda baş verən proseslərin səbəblərini və gözləntiləri açıqlayıb.

Ekspertin sözlərinə görə, hibrid avtomobillər üçün tətbiq edilən əlavə dəyər vergisi güzəştlərinin müddətinin başa çatması qiymətlərin əvvəlki səviyyəyə qayıtmasına səbəb olub:

"Artıq yeni idxal edilən hibrid avtomobillər ümumi vergi mexanizmi ilə rəsmiləşdirilir və bu da bazarda qiymət fərqini qaçılmaz edib.


Eyni zamanda, yaşı 7 ildən çox olan benzin və dizel mühərrikli avtomobillərə tətbiq edilən aksiz dərəcələrinin mühərrik həcminə uyğun olaraq artırılması da ümumi qiymət artımına təsir göstərən əsas amillərdən biridir. Bu dəyişikliklər qısamüddətli deyil və avtomobil bazarında formalaşan yeni reallığın tərkib hissəsidir.


Nəticədə, ötən illə müqayisədə idxal olunan avtomobillərin qiymətlərində 10–20 faiz aralığında artım müşahidə olunur. Bu artım təkcə daxili fiskal qərarlarla bağlı deyil. Azərbaycanın avtomobil bazarında mühüm paya malik olan Çin istehsalı hibrid avtomobillərin ixracı zamanı Çinin özündə tətbiq edilən müəyyən məhdudiyyətlər də qiymətlərin yüksəlməsinə əlavə təsir göstərir".

Bununla belə, Eldəniz Cəfərov hesab edir ki, qiymət artımı hibrid avtomobillərə marağın azalması anlamına gəlmir:

 "Əksinə, bu nəqliyyat vasitələrinə olan tələbat stabil olaraq qalır və artan tendensiya davam edir. Statistik göstəricilərə əsasən, ötən il ölkəyə idxal olunan avtomobillərin təxminən 40 faizini hibrid modellər təşkil edib. Bu fakt hibrid avtomobillərin Azərbaycan bazarında artıq möhkəm yer tutduğunu göstərir və bu populyarlığın cari ildə də davam edəcəyi gözlənilir"

 

Pərvin Şakirqızı

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər