Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edir.
Bu barədə Moderator.az-a agentlikdən məlumat verilib.
Xəbərdarlığa əsasən, yanvarın 13-ü axşamdan Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb və şimal küləyi yanvarın 15-i gündüz saatlarına kimi davam edəcək.
Həmin günlər ərzində şimal-qərb və şimal küləyinin 18-23 m/s, arabir 25-30 m/s-dək güclənəcəyi gözlənilir.
Dalğanın hündürlüyünün 3-4 metrə, sonrakı inkişafda 4,5-6,5 metrə çatacağı proqnozlaşdırılır.
Xatırladaq ki, yanvarın 14-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə intensivləşəcəyi, ayrı-ayrı yerlərdə yağışın sulu qarla qarışıq yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə və gündüz 1-4° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət 80-85 % olacaq.