Gəncəçayın şəhər ərazisindən keçən hissəsi məişət tullantıları ilə çirkləndirilir.
Moderator.az Xəzər TV-yə istinadən xəbər verir ki, acınacaqlı mənzərə daha çox Vəli Xuluflu küçəsindəki evlərə yaxın ərazilərdə müşahidə olunur.
Uzun müddətdir davam edən bu vəziyyət yaxınlıqda yaşayanları təngə gətirib. Sakinlər bildirirlər ki, tullantılar həm ətrafa pis qoxu yayılmasına, həm də həşəratların çoxalmasına səbəb olur.
Zibillə çirkləndirilən ərazidə məişət tullantıları üçün konteynerlər də yerləşdirilib.
Məsələ ilə bağlı Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyindən bildirilib ki, Gəncəçayın məcrası onların xidməti ərazisinə aid deyil. Buna baxmayaraq, ərazidə sanitar vəziyyəti nəzarətdə saxlamaq məqsədilə mütəmadi olaraq genişmiqyaslı təmizlik işləri həyata keçirilir, çayın məcrası məişət tullantılarından, ağac və kol-kosdan, alaq otlarından təmizlənir.
Ancaq aparılan təmizlik işlərinə baxmayaraq, sağ və sol sahildə yaşayan sakinlərin və ərazidə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin Gəncəçayın hövzəsinə məişət, təmir qalığı tullantılarını atması hallarına hələ də rast gəlinir.