Azərbaycanda BÖYÜK ZƏLZƏLƏ gözlənilir? – Şamaxı iki gündür silkələnir
Cəmiyyət
1155
11:29, Bu gün

Azərbaycanda BÖYÜK ZƏLZƏLƏ gözlənilir? – Şamaxı iki gündür silkələnir

Bu gün yerli vaxtla saat 03:07-də Şamaxı rayonunda 3 maqnitudalı zəlzələ qeydə alınıb. AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına görə, yeraltı təkan Pirqulu seysmik stansiyasından təxminən 9 kilometr cənubda baş verib və zəif olduğu üçün əhali tərəfindən hiss olunmayıb. Qeyd edək ki, bu hadisədən cəmi iki gün əvvəl də Şamaxı ərazisində oxşar seysmik aktivlik müşahidə olunmuşdu ki, bu da bölgədə ardıcıl zəlzələlərin baş verməsi ilə bağlı sualları artırıb.

Mütəxəssislərin fikrincə, qısa zaman kəsiyində eyni regionda baş verən zəif yeraltı təkanlar adətən tektonik gərginliyin tədricən boşalması prosesi ilə əlaqədar olur. Şamaxı seysmik baxımdan ölkənin ən aktiv zonalarından biri hesab edilir və tarixən bu ərazi güclü zəlzələlərlə yadda qalıb. Bu baxımdan zəif maqnitudalı ardıcıl zəlzələlər bölgə üçün qeyri-adi hal sayılmır.

Məsələ ilə bağlı NOCOMMENT.az-a seysmoloq Ənvər Əliyev bildirib ki, belə zəlzələlər çox vaxt narahatlıq üçün əsas yaratmır, lakin diqqətlə izlənməlidir. Onun sözlərinə görə, yer qabığında toplanmış enerji bəzən böyük zəlzələ şəklində deyil, məhz bu cür xırda və orta güclü təkanlarla mərhələli şəkildə boşalır:

“Şamaxı zonası aktiv qırılma xətləri üzərində yerləşir. Burada ardıcıl zəif zəlzələlərin baş verməsi geodinamik proseslərin davam etdiyini göstərir. Bu cür seysmik hadisələr çox vaxt təhlükəli ssenaridən xəbər vermir, əksinə, gərginliyin müəyyən hissəsinin tədricən azalmasına səbəb ola bilər”.

Seysmoloq əlavə edib ki, zəif zəlzələlərin tez-tez qeydə alınması avtomatik olaraq güclü zəlzələnin yaxınlaşması demək deyil:

“Cəmiyyətdə yanlış təsəvvür var ki, ardıcıl xırda zəlzələlər mütləq böyük zəlzələnin xəbərçisidir. Elmi baxımdan bunu dəqiq söyləmək mümkün deyil. Böyük zəlzələlər üçün konkret tarix və yer demək mümkün olmadığı kimi, zəif təkanların da hansı ssenariyə aparacağını əvvəlcədən proqnozlaşdırmaq olmur”.

Ənvər Əliyevin sözlərinə görə, hazırda müşahidə edilən seysmik aktivlik nəzarət altındadır və bütün stansiyalar fasiləsiz rejimdə işləyir.

O vurğulayıb ki, əhali panikaya qapılmamalı, lakin seysmik təhlükəsizlik qaydaları barədə məlumatlı olmalıdır:

“Əsas məsələ maarifləndirmədir. Zəlzələ riski olan bölgələrdə yaşayan insanlar fövqəladə hallarda necə davranmalı olduqlarını bilməlidirlər. Bu, mümkün risklərin qarşısının alınmasında ən effektiv vasitədir”.

Əliyev qeyd edib ki, Şamaxı və ətraf rayonlarda seysmik proseslərin monitorinqi davam etdirilir:

“Hazırkı mərhələdə güclü zəlzələ ilə bağlı konkret təhlükə barədə rəsmi xəbərdarlıq yoxdur, lakin bölgənin aktiv seysmik zona olması nəzərə alınaraq vəziyyət daim diqqətdə saxlanılır”.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər