Bu gün Dünya Qoruqlar və Milli Parklar Günüdür
Cəmiyyət
1707
09:25, Bu gün

Bu gün Dünya Qoruqlar və Milli Parklar Günüdür

Yanvarın 11-i Dünya Qoruqlar və Milli Parklar Günüdür.
 
Moderator.az xəbər verir ki, 1917-ci il yanvarın 11-də dünyada ilk dəfə Rusiyada nadir heyvanların qorunması məqsədilə Baykal gölü üzərində Barquzin Dövlət Qoruğu yaradılıb. Həmin təqvim günü 1997-ci ildən etibarən Ümumdünya Vəhşi Təbiət Fondunun təşəbbüsü ilə Dünya Qoruqlar və Milli Parklar Günü kimi qeyd olunur.
 
Bu günün keçirilməsində məqsəd biomüxtəlifliyin, təbii ekosistemlərin qorunmasında və planetin rifahının təmin edilməsində milli parklar və qoruqlar kimi mühafizə olunan təbiət ərazilərinin əhəmiyyətini vurğulamaqdır.
 
Qeyd edək ki, hazırda Azərbaycanda 913342,17 hektar sahəni əhatə edən mühafizə olunan təbiət əraziləri fəaliyyət göstərir. Bunlardan 12-si milli park, 9-u dövlət təbiət qoruğu, 24-ü dövlət təbiət yasaqlığıdır. Ümumilikdə xüsusi mühafizə olunan təbiət əraziləri ölkə ərazisinin 10,55, ayrılıqda milli parklar 5,30, dövlət təbiət qoruqları 1,19, dövlət təbiət yasaqlıqları isə 4, 05 faizini təşkil edir.
 
Azərbaycanda xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılmasına 1910-cu ildən başlanılıb. 3 min 500 hektar sahədə yaradılmış Eldar şamı Botaniki Yasaqlığı Azərbaycanın, eləcə də Cənubi Qafqazın ilk xüsusi mühafizə olunan təbiət ərazisi hesab edilir. İlk qoruq 1925-ci ildə yaradılmış Göygöl Dövlət Təbiət Qoruğu, ilk milli park isə 2003-cü ildə yaradılmış akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkıdır. Son olaraq 2025-ci il iyulun 14-də İlisu və Axar-Baxar milli parkları yaradılıb.
 
Xüsusi mühafizə olunan təbiət ərazilərindən Bəsitçay, Qaragöl dövlət təbiət qoruqları, Laçın, Qubadlı, Daşaltı, Arazboyu dövlət təbiət yasaqlıqları işğaldan azad edilmiş ərazilərdə yerləşir. Təəssüf ki, 30 ilə yaxın davam edən işğal dövründə həmin təbiət ərazilərinə ciddi ziyan vurulub. Lakin torpaqlarımız işğaldan azad ediləndən sonra həmin ərazilərdə yerləşən xüsusi mühafizə olunan təbiət ərazilərinin də bərpası istiqamətində işlərə başlanılıb.
 
Qeyd edək ki, bu gün ölkə ərazisindəki bütün milli parklarda “Açıq qapı” günü elan olunub. “Açıq qapı” günündə ziyarətçilər Azərbaycanın müxtəlif bölgələrində yerləşən milli parklara gəlməklə burada füsunkar təbiət ərazilərindən zövq ala və səmərəli gün keçirə bilərlər.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər