Cəmiyyət
2900
09 Jan 2026 | 16:28

"Qurtuluş"da nə baş verir? Nəsimi Nəbizadə ilə bağlı ciddi iddialar

Yazıçı Cəlil Cavanşir jurnalist Nəsimi Nəbizadənin müalicə aldığı reabilitasiya mərkəzindən ayrılması ilə bağlı yayılan xəbərlərə sosial şəbəkə hesabında sərt reaksiya verib.

Moderator.az xəbər verir ki, Cəlil Cavanşir “Nəsimi Nəbizadə reabilitasiya mərkəzindən qaçıb” başlıqları ilə yayılan informasiyaların həm hüquqi, həm də etik baxımdan ciddi problem yaratdığını bildirib.

Onun sözlərinə görə, Nəsimi Nəbizadə yetkin, şüurlu insandır və öz həyatı ilə bağlı qərar vermək hüququna malikdir:

“Bir insanın yüksəlmək hüququ olduğu kimi, çökmək hüququ da var. Siz Nəsimini özündən çox istəyə bilməzsiniz. Bu halda ondan əl çəkməli, rahat buraxmalısınız.”

Celil Cavanşir qeyd edib ki, reabilitasiya mərkəzi Nəsiminin bu addımı ata biləcəyini əvvəlcədən hesablamalı idi və sonrakı proseslərin ictimailəşdirilməsi reklam xarakteri daşıyır. O, müalicə prosesinin video və paylaşımlarla nümayiş etdirilməsini etik və qəbuledilməz hesab etdiyini vurğulayıb.

Yazıçı şəxsi təcrübəsinə də toxunaraq bildirib ki, yaxın çevrəsində reabilitasiya mərkəzlərindən çıxandan sonra vəziyyəti daha da ağırlaşan insanlar olub:

“Bu mərkəzlərdən çıxan insanların psixologiyası alt-üst edilir, vəziyyətləri daha da çıxılmaz olur.”

Cavanşir ən ciddi narahatlığın isə hüquqi tərəf olduğunu bildirib. Onun fikrincə, Nəsimi Nəbizadənin razılığı olmadan saxlanılması, axtarılması və geri qaytarılmasına cəhd qanunsuz azadlıqdan məhrumetmə əlamətləri yaradır:

“Asılılıqdan müalicə yalnız könüllülük əsasında mümkündür. Məcburi saxlanma və zorla qaytarılma açıq hüquq pozuntusudur.”

O, reabilitasiya mərkəzinin hüquq-mühafizə orqanlarının səlahiyyətinə aid olan işlərə qarışmasını da sual altına alıb:

“Reabilitasiya mərkəzi Nəsimi Nəbizadəni hansı haqla axtarır? Bu səlahiyyət kimindir?”

Celil Cavanşir Nəsiminin müxtəlif məkanlara aparılaraq videoya çəkilməsini “vicdansızlıq” adlandırıb və bunun insan ləyaqətinin alçaldılması olduğunu bildirib. O, reabilitasiya mərkəzlərinin fəaliyyətinin ümumiyyətlə ciddi şəkildə araşdırılmasının vacibliyini vurğulayıb.

“Ölkədə reabilitasiya mərkəzləri artdıqca narkomaniya, alkoqolizm və digər asılılıqlar da artır. Bu mərkəzlər hansı qanunlarla işləyir, kim nəzarət edir?”

Yazıçı sonda qeyd edib ki, asılılıqdan əziyyət çəkən insanların ailələrinin də bu prosesdə maddi və mənəvi olaraq məhv edildiyini, reabilitasiya mərkəzlərinin çox zaman bu ailələri son ümid yeri kimi istifadə etdiyini bildirib.

Celil Cavanşir məsələ ilə bağlı dövlət qurumlarını, mütəxəssisləri və ictimaiyyəti laqeyd qalmamağa çağırıb və bu sahədə ciddi hüquqi qiymət verilməsinin vacibliyini qeyd edib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər