Rövşən Tağıyev:
Cəmiyyət
741
09 Jan 2026 | 16:30

Rövşən Tağıyev: "Hər bir yol nişanı hərəkətin təhlükəsizliyinə xidmət edir"

"Son zamanlar sosial şəbəkələrdə müzakirə olunan 5.53 məlumatverici yol nişanı ilə bağlı diqqətə çatdırmaq istərdim ki, bu nişanla təchiz edilmiş yolayrıclarında nəqliyyat vasitələrinin davamlı şəkildə sağa dönməsinə icazə verilir".

Bu barədə Moderator.az-a Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Hərəkətin Təhlükəsizliyinin Təbliği Şöbəsinin rəisi, polis polkovnik leytenantı Rövşən Tağıyev məlumat verib.

O bildirib ki, sözügedən yol nişanı hərəkətin fasiləsizliyinin təmin edilməsi, süni tıxacların qarşısının alınması və yolun buraxıcılıq qabiliyyətinin artırılması məqsədilə tətbiq olunur:

"Eyni zamanda, xüsusi olaraq vurğulanmalıdır ki, 5.53 yol nişanı sürücüyə üstünlük hüququ vermir. Bu nişanın mövcudluğu sağa dönən sürücünü digər yol hərəkəti iştirakçıları qarşısında məsuliyyətdən azad etmir və diqqətli davranmaq öhdəliyini aradan qaldırmır.

"Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq, 5.53 nişanı tətbiq edilmiş yolayrıcında sağa dönən sürücü yolayrıcına digər istiqamətlərdən hərəkət edən nəqliyyat vasitələrinə, eləcə də dönmə zamanı hərəkətinə icazə verilmiş piyadalara mütləq şəkildə yol verməlidir. Bu tələblərə riayət olunması yolayrıclarında qəza riskinin azaldılmasına və ümumi hərəkətin təhlükəsizliyinin təmin olunmasına xidmət edir.

Nəzərə almaq lazımdır ki, hər bir yol nişanı yollarda nizamlı hərəkətin təmini və təhlükəsizlik məqsədi ilə tətbiq olunur. Yol nişanlarının düzgün anlaşılması və onların tələblərinə əməl edilməsi yollarda qarşılıqlı hörmətin, nizamlı hərəkətin və ən əsası insan həyatının qorunmasının əsas şərtlərindən biridir".

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər