İrandan vaxtı keçmiş yağlar gətirilir - Üzərindəki yazılardan isə heç nə başa düşmək olmur - AÇIQLAMA
Cəmiyyət
954
09 Jan 2026 | 09:24

İrandan vaxtı keçmiş yağlar gətirilir - Üzərindəki yazılardan isə heç nə başa düşmək olmur - AÇIQLAMA

Bəzi məhsulların, xüsusilə də İrandan  idxal olunan qidaların üzərində son istifadə tarixi, tərkibi və s. barədə məlumatınların Azərbaycan dilində tərcüməsinin olmaması zaman-zaman gündəmə gələn amma həllini tapa bilməyən problemlərdən biridir. Bəzi hallarda isə satıcılar ya bilərəkdən, ya da bilməyərəkdən vaxtı keçmiş məhsulları da satışa çıxarırlar. Məhsulların üzərindəki yazıların anlaşılmaması isə alıcıların aldadılmasına gətirib çıxarır.
 
Moderator.az xəbər verir ki, məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Milli.az-a açıqlamasında bildirib ki, istehlakçıların beynəlxalq və yerli hüquqlarından biri də aldıqları mal haqqında dürüst və ətraflı məlumat əldə etmək hüququdur. Onun sözlərinə görə, bu hüquq həm milli qanunvericilikdə, həm də beynəlxalq sənədlərdə açıq şəkildə təsbit olunub.
 
E.Hüseynov qeyd edib ki, qanunvericiliyə əsasən Azərbaycan əmtəə bazarında satılan bütün mallar, xarici dillə yanaşı, mütləq Azərbaycan dilində markalanmalıdır. Bu tələb təkcə qida məhsullarına deyil, avtomobillərin sənədlərinə, mürəkkəb texniki cihazların istismar qaydalarına və digər bütün mallara da şamil edilir.
 
Söyləyib ki, xüsusilə İrandan gətirilən mallarla bağlı illərdir ciddi problem mövcuddur:
 
"Bu məhsulların üzərində məlumatlar insanların başa düşmədiyi fars əlifbası ilə yazılır. Bu isə istehlakçı hüquqlarının birbaşa pozulmasıdır. Bəzi biznes subyektləri bundan sui-istifadə edərək vaxtı keçmiş malları bazara çıxarır və istehlakçıları aldadır".
 
Eyyub Hüseynov dövlət qurumlarının, xüsusilə gömrük orqanlarının bu məsələdə kifayət qədər sinxron işləmədiyini də vurğulayıb. Nəzərə çatdırıb ki, gömrük orqanları qanun pozuntusu aşkar etdikdə məsuliyyəti başqa qurumların üzərinə atmamalı, müvafiq dövlət orqanları ilə birbaşa əlaqə saxlamalıdırlar.
 
Dediyinə görə, İrandan idxal edilən malların markalanmasında müəyyən düzəlişlər edilsə də, problem tam həllini tapmayıb.
 
E.Hüseynov istehlakçılara belə hallarla rastlaşdıqda İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin  qaynar xəttinə və Azərbaycan  Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) müraciət etməyi tövsiyə edib:
 
"Bu cür qanun pozuntuları təkcə istehlakçı hüquqlarının tapdanması deyil, eyni zamanda insanların sağlamlığı üçün real təhlükə, zəhərlənmə riskinin artması deməkdir".
 
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər