Son illər uşaqlara qarşı zorakılıq halları cəmiyyət üçün ciddi təhlükə yaradan sosial problem kimi daha qabarıq şəkildə üzə çıxır. Bu zorakılıq təkcə fiziki şiddətlə məhdudlaşmır, psixoloji, emosional, iqtisadi və laqeydlik formasında da özünü göstərir. Ən acınacaqlı məqam isə ondan ibarətdir ki, uşaqlara qarşı zorakılıq əksər hallarda ən təhlükəsiz sayılan məkanda — ailə daxilində baş verir. Bu isə valideyn məsuliyyəti anlayışının yenidən və daha dərindən müzakirə edilməsini zəruri edir.
Mövzu ilə bağlı Moderator.az sosioloq Üzeyir Şəfiyevin yanaşmasını öyrənib.
Həmin açıqlamanı təqdim edirik:

Sosioloq bildirir ki, uşaqlara qarşı zorakılığın artmasının əsas səbəblərindən biri ailədaxili münasibətlərin sağlam olmamasıdır. Onun sözlərinə görə, ailədə psixoloji iqlim gərgin olduqda, valideynlər arasında münaqişələr hökm sürdükdə bu aqressiyanın ilk hədəfi çox zaman uşaqlar olur:
"Çünki uşaqlar özlərini müdafiə edə bilmir, səsini çıxarmaqdan qorxur və valideynlərin davranışlarını “normal” kimi qəbul etməyə məcbur qalırlar.
Məişət zorakılığı mövzusu ictimai müzakirələrdə daha çox qadınlara qarşı zorakılıq prizmasından təqdim olunur. Halbuki uşaqlara qarşı zorakılıq statistik baxımdan heç də az deyil. Sadəcə olaraq uşaqların hüquqlarını müdafiə edəcək mexanizmlərə çıxışı məhduddur, müraciət etmək imkanları zəifdir və çox zaman valideyn qorxusu səbəbindən susurlar. Bu da real mənzərənin statistikada tam əks olunmamasına səbəb olur".
Üzeyir Şəfiyev vurğulayır ki, valideynlərin öz aqressiyalarını uşaqlara yönəltməsi son dərəcə təhlükəlidir. Valideynlər bəzən uşağa fiziki cəza verməyi, danlamağı, təzyiq göstərməyi “tərbiyə üsulu” kimi qəbul edirlər:
"Halbuki bu yanaşma uşağın xarakterinə ciddi zərbə vurur, onun şəxsiyyət kimi formalaşmasını ləngidir və gələcəkdə müstəqil qərar qəbul etmə qabiliyyətini məhdudlaşdırır. Zorakılıqla böyüyən uşaq ya aqressiyanı içinə yönəldərək özünə qapanır, ya da onu cəmiyyətə, dost mühitinə və ətrafına ötürür.
Münaqişəli ailələr xüsusi nəzarətdə olmalı, bu ailələrlə sosial işçilər, psixoloqlar sistemli şəkildə işləməlidir. Əgər uşaqların zorakılığa məruz qalması riski varsa, dərhal psixoloji və sosial müdaxilə mexanizmləri işə düşməlidir ki, uşaqlar travma ilə böyüməsinlər. Çünki uşaq yaşlarında alınan travmalar insanı bir ömür boyu müşayiət edir və bu, gələcəkdə cəmiyyət üçün daha ciddi sosial problemlər yaradır".
Üzeyir Şəfiyev həmçinin bildirir ki, inkişaf etmiş ölkələrdə insanları mühüm vəzifələrə təyin edərkən onların psixobioqrafiyasına diqqət yetirilir. Yəni həmin şəxsin uşaqlıq dövründə hansı psixoloji mühitdə böyüdüyü, travma alıb-almadığı araşdırılır:
"Bu yanaşma təsadüfi deyil. Çünki aqressiv mühitdə formalaşan fərd gələcəkdə həm özünə, həm də cəmiyyətə təhlükə yarada bilər.
Valideynlik hüquqları heç bir halda uşağın mənafeyinə zidd ola bilməz. Bu prinsip həm Konstitusiyada, həm Uşaq Hüquqları haqqında Konvensiyada, eyni zamanda ailə qanunvericiliyində açıq şəkildə təsbit olunub. Valideyn övladına sahiblik edən deyil, onun hüquqlarını qoruyan, inkişafına şərait yaradan şəxs olmalıdır. Ailədə səmimi mühit, qarşılıqlı hörmət, anlayış və dialoq əsas prinsipə çevrilməlidir.
Nəticə etibarilə, uşaqlara qarşı zorakılığın qarşısının alınması üçün daha sadə, işlək və əlçatan mexanizmlər formalaşdırılmalıdır. Uşaq qaynar xətləri real işləməli, məktəblərdə, icmalarda uşaqların təhlükəsizliyini təmin edən nəzarət mexanizmləri gücləndirilməlidir. Əks halda, zorakılıqla böyüyən nəsil gələcəkdə cəmiyyət üçün daha böyük problemlər yaradacaq.
Axı, uşaqlar bizim gələcəyimizdir və onların qorunması hər birimizin birbaşa məsuliyyətidir".

Pərvin Şakirqızı