Namaz vaxtı qız üstündə dava edənlərə hökm oxundu - TƏFƏRRÜAT
Cəmiyyət
1942
07 Jan 2026 | 14:36

Namaz vaxtı qız üstündə dava edənlərə hökm oxundu - TƏFƏRRÜAT

Bakının Yasamal rayonunda 1992-ci il təvəllüdlü Sərxan şəxsi münasibətlər zəminində mübahisə zamanı tanışı Aslana (adlar şərtidir – red.) xəsarət yetirib.
 
Moderator.az Teleqraf-a istinad edərək bildirir ki, hadisə 19 dekabr 2024-cü ildə gecə saat 4 radələrində baş verib.
 
Həmin vaxt Sərxan kirayədə qalan tanışı Aslanla qonşuluqda yaşayan qadınla bağlı mübahisə edib. Masanın üzərindən götürdyü bıçaqla o, Aslana üç xəsarət yetirib.
 
İstintaq orqanı tərəfindən Sərxanın barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.
 
Sərxan ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, Aslanı öldürmək məqsədilə vurmayıb: “Hadisədən əvvəl bir neçə dəfə mübahisə etmişdik. Həmin xanım mənə yaxın adam idi. Hadisəni zərərçəkmiş şəxsin hərəkətləri nəticəsində törətmişəm. Onun sinəsinə yalnız bir zərbə vurduğumu xatırlayıram. Çox əsəbi olmuşam və vurmuşam”.
 
Təqsirləndirilən şəxs qeyd edib ki, məlum hadisədən əvvəl 6 ay yaşadığı ünvanda olmayıb: “Gələndə gördüm, Aslan qapı-pəncərə bilmir, hər yerdə hörmətsizlik edir. Mənim yaxınım olan xanımı da narahat edirdi. Ona bir neçə dəfə xəbərdarlıq etdim. Öz evində söhbət etdim, sonra vurdum.
 
Mən özümlə bıçaq götürməmişdim. Bıçaq onun evində stolun üstündəydi. Uzun müddət idi narkotik qəbul etmirdim. Amma həmin gün az miqdarda narkotik qəbul eləmişdim”.
 
İş üzrə zərərçəkmiş Aslanın sözlərinə görə, hadisədən bir həftə qabaq qaldığı evin sahibinin oğlu Sərxanın onu çağırdığını deyib: “O vaxta kimi Sərxanla məhəllədə salam-sağ oldan başqa münasibətlərimiz yox idi.
 
Sərxan məndən məhəllədə bir qızla münasibətimin olub-olmadığını soruşdu. Mən də olmayıb dedim. İki gün sonra söhbət təkrarlandı. Hadisə günü səhər sübh namazı vaxtı Sərxanın səsini eşitdim. İşığı yandırmadan çölə çıxdım. Ondan burda nə etdiyini soruşdum.
 
Mənim qaldığım evin arxasında ev sahibi kişi, qabaqda bir qadın qalır, mən otağım isə ortadadır. Sərxan dedi ki, Nadir kişigildən gəlir. "Xozeyka"nın işığı yanır, gözləyir ki, sönsün. Yenə həmin qızla münasibətimin olub-olmadığını soruşdu. Cavab verdim ki, yekə oğlansan, sözü bir dəfə deyərlər.
 
Sonra məndən siqaret istədi. Siqareti götürəndə alışqan yerə düşdü, yerdən qaldırmaq istəyəndə gördüm, məni bıçaqla vurur. Mən də təpik atdım, büdrədi. Bıçağı Sərxanın əlindən aldım, qapını bağlayaraq onu otaqda saxladım. Bir anlıq səbrimi cilovladım ki, onu vurmayım”.
 
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.
 
Məhkəmənin hökmü ilə Sərxan 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər