Cəmiyyət
7750
07 Jan 2026 | 10:16

"Hər bir dövlət məmurunun vəzifəsi xalqa vicdanla xidmət etməkdir"

"5 yanvarda Prezident İlham Əliyev yerli televiziya kanallarına geniş müsahibə verib. Dövlət başçısına ünvanlanan suallar ölkədaxili və xarici siyasət, iqtisadi və sosial sahələr, müdafiə və təhlükəsizlik məsələləri də daxil olmaqla geniş spektri əhatə edib".
 
Bu fikirləri Moderator.az-a açıqlamasında millət vəkili Azər Badamov bildirib. O qeyd edib ki, müsahibə təxminən üç saat davam etməsinə baxmayaraq, izləyicilər tərəfindən böyük maraqla qarşılanıb və dövlət başçısının liderliyi ilə bir daha qürur duyulub:
 
“Çünki çox mürəkkəb və çətin bir dünyada yaşayırıq. Bu gün həm ictimai-siyasi sabitliyi təmin etmək, həm beynəlxalq münasibətləri yüksək səviyyədə saxlamaq, həm də ölkənin inkişafını davam etdirmək hər bir dövlət başçısının bacaracağı iş deyil. Hazırda bir çox böyük dövlətlər lidersizlik problemindən əziyyət çəkir. Azərbaycan isə dinamik inkişaf tempini qoruyaraq beynəlxalq məsələləri yüksək peşəkarlıqla həll edir.
 
Bəli, Azərbaycan ərazi və əhali baxımından böyük ölkə olmasa da, bu gün dünyanın nəhəng gücləri olan ABŞ və Çinlə strateji tərəfdaşlıq münasibətləri qurub. Dövlət başçımızın qətiyyətli siyasi iradəsi və yüksək diplomatik bacarığı sayəsində ölkəmiz illərdir mövcud olan problemləri mərhələli şəkildə aradan qaldırır.
 
Prezident İlham Əliyevin bütün çıxış və müsahibələri proqram xarakteri daşıyır, konkret ünvanlara yönəlmiş mühüm mesajlarla zəngin olur. Məhz buna görə də bütün auditoriyalar dövlət başçısının çıxış və müsahibələrinə böyük maraq göstərir. Dövlət başçısının həm uğurlar, həm də mövcud nöqsanlar barədə açıq şəkildə fikir bildirməsi çatışmazlıqların aradan qaldırılmasına və daha şəffaf cəmiyyətin formalaşmasına mühüm töhfə verir.
 
Məsələn, xüsusi nümayəndələrə və icra başçılarına etimad göstərilir, lakin bu etimadı doğrultmayan şəxslər vəzifələrindən azad olunur. Prezident İlham Əliyev dövlət idarəetmə strukturlarının şəffaf və keyfiyyətli fəaliyyətinin təmin olunması üçün ictimai nəzarətin gücləndirilməsinin vacibliyini də vurğulayıb. Bu isə idarəetmədə hər bir vətəndaşdan fəallıq tələb edir.
 
Təbii ki, ünvanlanan mesajlar ilk növbədə dövlət məmurlarınadır. Hər bir dövlət məmurunun əsas vəzifəsi xalqa vicdanla xidmət etməkdir. Təəssüf ki, bəzi hallarda bunun əksini də görürük. Dövlət başçısının səsləndirdiyi fikirlər hər bir dövlət məmuru üçün yol xəritəsi olmalıdır".
 
Mehin Mehmanqızı
Link kopyalandı!
Son xəbərlər