Hesablama Palatası Naxçıvan Muxtar Respublikasının 2026-cı il üzrə büdcə layihəsinin təhlili zamanı gəlir proqnozları ilə bağlı risklərin mövcud olduğunu bildirib.
Moderator.az palatanın auditor hesabatına istinadən xəbər verir ki, muxtar respublikanın büdcəsinin gəlir artımının iqtisadi əsaslandırması zəifdir.
Hesablama Palatası müəyyən edib ki, 2026-cı il üçün daxili gəlirlərin cari ilin proqnozuna nisbətən 64.1 milyon manat artırılaraq 271.6 milyon manata çatdırılması kifayət qədər iddialı hədəfdir. Lakin büdcə layihəsinə əlavə edilən izahat sənədində bu artımın hansı konkret iqtisadi amillər, yeni istehsal sahələri və ya vergi bazasının genişlənməsi hesabına baş verəcəyi detallı şəkildə əsaslandırılmayıb.
İkinci bir məqam vergi növləri üzrə real icra riskləri ilə bağlıdır. Auditor hesabatında vurğulanır ki, fiziki şəxslərin gəlir vergisi üzrə 15%, aksizlər üzrə isə təxminən 25.5 milyon manat artım proqnozlaşdırılsa da, bu rəqəmlərin reallığı sual altındadır. Xüsusilə 2025-ci ilin nəticələri göstərir ki, bəzi tədiyə növləri üzrə daxilolmalar proqnozları tam doğrultmur və bu tendensiyanın növbəti ildə də davam etməsi büdcənin icrasında çətinliklər yarada bilər.
Həmçinin palata hesab edir ki, 2024 və 2025-ci illərdəki yüksək yığım göstəriciləri çox vaxt müəssisələrin əvvəlki illərdən qalan vergi borclarını ödəməsi hesabına baş verib. 2026-cı il üçün proqnozlar tərtib edilərkən bu "birdəfəlik" daxilolmaların hər il təkrarlanmayacağı nəzərə alınmalı, vergi potensialı daha mühafizəkar və ehtiyatlı yanaşma ilə qiymətləndirilməlidir.
Hesabatda qeyd olunur ki, gəlir proqnozları hazırlanarkən Muxtar Respublikanın iqtisadi artım tempi, Ümumi Daxili Məhsulun (ÜDM) dinamikası və real sektordakı canlanma dərəcəsi rəqəmlərlə tam sinxronlaşdırılmayıb. Bu isə o deməkdir ki, iqtisadiyyatın real artımı büdcədə nəzərdə tutulan gəlir artımından geri qala bilər, bu da maliyyə dayanıqlığı üçün ciddi risk faktorudur.
Palata hesab edir ki, gəlirlərin icrası proqnozdan geri qaldığı təqdirdə, büdcə kəsirinin yaranmaması üçün xərclərin (ilk növbədə müdafiə olunmayan maddələr üzrə) dərhal azaldılması və ya optimallaşdırılması mexanizmi tətbiq edilməlidir. Eyni zamanda, vergi bazasının real vəziyyətinin daha dərindən təhlil edilməsi və gəlir mənbələrinin diversifikasiyası (şaxələndirilməsi) tövsiyə olunur.