Cəmiyyət
1358
05 Jan 2026 | 14:15

"Süni intellekt təfəkkürümüzə ziddiyyətli, təzadlı mədəniyyət gətirir" - MÜSAHİBƏ

Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov Teleqraf-ın suallaırnı cavablandırıb.
 
Moderator.az onunla müsahibəni təqdim edir:
 
- Nizami müəllim, süni intellektin mətnlərin hazırlanmasında rolu ilə bağlı müsbət tendensiyaları ilə yanaşı, onun mənfi tərəfləri də ortaya çıxır. İndi az qala mətnlərin çoxusunu “ChatGPT” yazır. Sanki dil və ünsiyyətin də robotlaşması halı baş verir. Sözsüz ki, bu dilçiləri, ədəbiyyat adamlarını, sözlə işləyən şəxsləri narahat edir. Narahatlıq üçün hansı əsaslar var?
 
- Hazırda bu məsələnin heç də birmənalı olmayan təsiri altındayıq. "Nələr baş verəcək?" kimi suallar səslənir. Amma bizim baxdığımız, öyrəndiyimiz mətnlər orta səviyyəli şair, tədqiqatçı, jurnalist üçün nəzərdə tutulub. Hər halda gələcəkdə elm adamları da bundan istifadə edəcəklər. Bunlar bizim üçün istinad mənbəyi kimi maraqlıdır. Əksinə birbaşa mətnin özü süni intellekt tərəfindən hazırlanacaqsa, bu istehsalata, istehlaka, cəmiyyətə ötürüləcəksə, böyük qüsur və nöqsan olacaq. Bu gün bəzi elmi-tədqiqat işləri oradan-buradan köçürmədir. Yəni, ən müxtəlif fikirlər, mülahizələr, ayrı-ayrı yerlərdən götürülür və bir növ qarışıq mətn yaradılır. Təəssüf ki, bu cür mətnlər kənardan bir xeyli cəlbedici görünür. Hətta bu cür mətnlər orta səviyyəli bir adamın yazısından daha parlaq gözə çarpır. Çünki o geniş bir informasiyanı əks etdirir.
 
- Ciddi elmi araşdırmalar üçün süni intellektin faydalı tərəfləri varmı?
 
- Sözsüz ki, ciddi elmi təfəkkür sahibləri, tədqiqatçılar, süni intellektin hazırladığı ümumiləşdirmədən istifadə edib, həmin materiallarla tanış olub, bunun əsasında fundamental analitik təhlillər verə bilər. Amma süni intellektin analitik səviyyəyə qalxacağı inandırıcı deyil. Burada üslub və digər amillər var. Bu cür elmi yazını dərhal hiss etmək olur. Ayırd etmək olur ki, bu hansısa materialların texniki cəhətdən ümumiləşdirilməsidir, yoxsa burada süni intellekt işləyib və ya ayrı nə isə var. Bunu dərhal görmək olur.
 
- Süni intellektin imkanları ilə ortaya çıxan mətnlərin aqibəti necə olacaq?
 
- Bundan aşağı səviyyəli insanlar istifadə edəcəklər. Bir də gördün ki, dünyadan xəbəri olmayan bir nəfər böyük bir məqalə ilə çıxış edəcək, oxuyacaqsan ki, zahirən bu məqalədə hər şey yerindədir. Hələ, kitab yazanları demirəm. Amma bununla yanaşı, ciddi mütəxəssislər bunun nə olduğunu biləcəklər.
 
- Çıxış yolu nədən ibarətdir və bu hansı təhlükəli tendensiyalara yol aça bilər?
 
- Yəni, bu bizim düşüncəmizə, təfəkkürümüzə bir növ ziddiyyətli, təzadlı mədəniyyət gətirir. Bundan çıxış imkanları onunla ölçüləcək ki, bu böyük, istedadlı, yaradıcı intellektə kömək edəcək. Amma bu yaradıcı olmayan “intellekti” də populyarlaşdırmaq, kütləviləşdirmək təhlükəsi yaradacaq.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər