Qafqaz Müsəlmanları İdarəsi (QMİ) bu il Həcc ziyarətinə getmək istəyən vətəndaşlara mühüm çağırış edib.
QMİ-nin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc elektron sisteminin rəhbəri Vüsal Cahangiri bildirib ki, Səudiyyə Ərəbistanı Həcc və Ümrə Nazirliyi bütün ölkələr üzrə Həcc qeydiyyat prosesinin əvvəlki illərlə müqayisədə daha erkən tamamlanmasını tələb edir. Bu səbəbdən ziyarətə niyyət edən şəxslərin sənəd və qeydiyyat məsələlərini vaxtında həll etməsi xüsusi əhəmiyyət daşıyır.
Maraqlıdır, dəfələrlə Həcc ziyarətinə getməsi ilə ictimaiyyətin diqqət mərkəzində olan sabiq deputat Hacı Qalib Salahzadə bu il də ənənəsinə sadiq qalacaqmı?
Moderator.az xəbər verir ki, bununla bağlı Musavat.com-a danışan sabiq millət vəkili bildirib ki, 37 il Həcc ziyarətində olub:
“Allah qismət etsə, bu il də gedəcəyəm. Həmişə ziyarət zamanı Allaha deyirəm ki, icazə ver, gələn il də gəlim və burada iki rükət namazımı qılım. Allahdan birinci bunu diləmişəm. İkinci duam isə Azərbaycan xalqının, Prezidentimiz və onun ailəsinin əmin-amanlığı ilə bağlı olub.
Allah mənə ömür versin ki, ziyarətləri edə bilim. 1990-cı ildən başlayaraq hər il Həcc ziyarətinə getmişəm. Elə olub ki, bir günə Kəbəni ziyarət etmişəm. İki dəfə də Kəbə evinin içərisində olmuşam. Kəbə evinin qapısının açarını saxlayan şəxs məni ora qonaq dəvət edib. Həcc ziyarətlərimin sayını itirmişəm.
Ümumiyyətlə, hər bir müsəlman ömründə bir dəfə Həcc ziyarətini vacib bilib getməlidir. Mənim 50-100 dəfə orada olmağım heç nəyi dəyişmir. Bir dəfə gedib, bütün əməlləri edən şəxs hacıdır. Sonrakı ziyarətlər isə müstəhəbdir. Müsəlmana ən vacib olan bir dəfə gedib hacı olmaqdır. Mənim deməyimlə deyil, gərək Allah icazə versin ki, sən Həccə gedə biləsən. Allahın izni olmasa, hansımız gedib ziyarət edə bilərik ki... Burada böyük hikmət var”.
Hacı Qalib Allaha dualarından da söz açıb:
“Kəbənin yanında Allaha dua edəndə ondan nə var-dövlət, nə pul, nə də başqa bir şey istədim. Yeganə istəyim o olub ki, növbəti il də ziyarət edib namazımı qıla bilim.
Adam var ki, ziyarətə gedir və özü ilə dəftər aparır. Həmin dəftərdə Allahdan istəyəcəyi şeyləri siyahıya alır. Mən heç vaxt belə şey etməmişəm. Gərək Allah istəsin... Mən ölümdən qayıtmışam, güllələrin altından sağ çıxmışam, deputat olmuşam. Bütün bunları Allah edib. Ancaq mən heç vaxt Allahdan heç nə istəməmişəm. Yeganə etdiyim dua olub. Qıldığım iki rükət namazın içində dünyanın bütün arzuları var”.