2026-nın Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan edilməsi uzun illərdir müzakirə olunan plansız və sənədsiz tikililər, riskli zonalarda olan tikililərin aqibətini yenidən gündəmə gətirib.
Modern.az-a danışan deputat Rövşən Muradov qeyd edib ki, ölkə başçısının müvafiq sərəncamları ilə tapşırıqlar verilib və 500 minə yaxın sənədsiz evin sənədləşdirilməsinə başlanılıb. Proses bu il davam edəcək:
“Yüksək gərginlik elektrik şəbəklərinin, qaz xətlərinin SOCAR və dəmir yolu xətlərinin yaxınlığındakı evlər istisna olmaqla, digər evlərin sənədləşdirilməsi aparılacaq. Lakin strateji yerlərdə yerləşən sənədsiz evlər gələcəkdə söküləcək. Bu o şərtlə baş verəcək ki, həmin insanlara müvafiq kompensasiyalar verilsin”.
“Şəhərsalma və Memarlıq İli”ndə 500 min sənədsiz evin çıxarış (kupça) alması üçün genişmiqyaslı iş görüləcəkmi? Bu proses niyə illərdir ləngiyir? Həmçinin yeni tikilən binalar var ki, “kupça” verilməyib, bu yöndə də addımların sürətlənməsi üçün hansı işlər görülməlidir?

Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) sədr müavini Günay İsmayılqızı Musavat.com-a mövzunu belə şərh edib:
“Uzun illər ərzində formalaşmış plansız tikinti mirasının hüquqi tənzimlənməsi istiqamətində real addımlar atılmaqdadir. Hazırda ölkə üzrə 500 minə yaxın sənədsiz yaşayış evinin inventarlaşdırılması və sənədləşdirilməsi prosesi icra olunur, “Şəhərsalma və Memarlıq İli” çərçivəsində prioritet istiqamətlərdən biri olacaq”.
Ekspertin sözlərinə görə, burada əsas məqsəd təkcə mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi deyil, həm də riskli zonalarda yerləşən tikililərin təhlükəsizlik baxımından qiymətləndirilməsi, urbanistik mühitin uzunmüddətli inkişaf planına uyğunlaşdırılmasıdır:
"Yüksək gərginlikli elektrik xətləri, qaz və dəmir yolu xətlərinə bitişik ərazilərdə yerləşən, həmçinin strateji əhəmiyyətli zonalarda salınmış tikililərlə bağlı xüsusi yanaşma tələb olunur. Bu kateqoriyadakı evlər üzrə yalnız kompensasiya və sosial təminat mexanizmləri nəzərə alınmaqla qərar verilməlidir”.
AQP rəsmisi illərdir ləngiyən prosesin səbəblərinə də diqqət çəkib:
“Uzun illər ərzində sənədsiz tikililərin çoxluğu, urbanistik və hüquqi çətinliklər, normativ tələblərin yetərincə tətbiq olunmaması bu işlərin ləngiməsinə səbəb olub. Eyni zamanda, yeni inşa olunan çoxmənzilli binalarda çıxarışların verilməsi məsələsi də urbanizasiya gündəliyinin mühüm tərkib hissəsidir. Layihələndirmə, tikinti və istismara qəbul mərhələlərində normativ tələblərin pozulması prosesin ləngiməsinə yol açır. Bu baxımdan məsuliyyətin artırılması və şəffaf rəqəmsal uçot-nəzarət mexanizmlərinin geniş tətbiqi zəruridir”.
Günay İsmayılqızı dövlətin əsas prinsipial mövqeyinə də toxunub:
“Hər bir vətəndaşın hüquqları qorunmalı, eyni zamanda, riskli və strateji əhəmiyyətli ərazilərdə yerləşən tikililər üçün yalnız kompensasiya və sosial təminat mexanizmləri nəzərə alınmaqla qərarlar verilməlir. AQP bu proseslərdə institusional dəstək göstərməyə hazırdır. Palata risklərin qiymətləndirilməsi, təsir analizləri, kompensasiya mexanizmlərinin ədalətli formalaşdırılması və daşınmaz əmlak bazarında sabitliyin qorunması istiqamətində əhəmiyyətli dəstək verəcək. Şəhərsalma transformasiyası yalnız sənədləşmə aktı deyil, uzunmüddətli sosial, iqtisadi və məkan inkişafının əsas dayaqlarından biridir”.
Ekspert qeyd edib ki, “Şəhərsalma və Memarlıq İli” təkcə formal sənədləşmə prosesindən ibarət olmayacaq:
“Bu il həm də şəhər mühitinin sağlamlaşdırılması, təhlükəsiz yaşayış məkanlarının formalaşdırılması və urbanistik standartların tətbiqi baxımından dönüş ili olacaq. Vətəndaşlar həm öz mülkiyyətlərini rəsmiləşdirəcək, həm də planlı şəhər mühitində, təhlükəsiz və normativ tələblərə uyğun yaşayış imkanına malik olacaqlar.
Beləliklə, “Şəhərsalma və Memarlıq İli” sosial ədalətin, şəhər təhlükəsizliyinin və urbanistik inkişafın təminatçısı olaraq həm vətəndaşların hüquqlarını qoruyacaq, həm də daşınmaz əmlak bazarında sabitliyi gücləndirəcək.
Uzunmüddətli perspektivdə isə bu proses şəhərsalma siyasətində effektivliyi, şəffaflığı və dayanıqlı inkişafı təmin edən əsas amil kimi çıxış edəcək”.