Bizi sosial şəbəkələrdən izləyin:
Milli Məclis “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsini üçüncü oxunuşda təsdiq edib.
Moderator.az bildirir ki, layihə barədə Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin sədri Arzu Nağıyev məlumat verib.
Layihəyə əsasən, ehtiyatdan müddətli həqiqi hərbi xidmətə çağırılan və ya bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olan zabitlərin dinc dövrdə həqiqi hərbi xidmət müddəti 6 ay azaldılacaq. Qüvvədə olan qanuna əsasən, dinc dövrdə həqiqi hərbi xidmətin müddəti ehtiyatdan həqiqi hərbi xidmətə çağırılanlar və ya könüllü daxil olan zabitlər üçün 1 il 6 ay, bağlaşma üzrə həqiqi hərbi xidmətə könüllü daxil olan zabitlər üçün 3 ilə qədərdir.
Layihəyə əsasən, ehtiyatdan müddətli həqiqi hərbi xidmətə çağırılanlar və ya bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olanlar üçün bu müddət 1 il (bu müddət bitdikdən sonra tərəflərin razılığı ilə onlar kadr zabit heyətinə keçirilirlər), bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün bu müddət 3 ilədək (bu müddət bitdikdən sonra tərəflərin razılığı ilə yeni bağlaşma bağlanılır) olacaq.
Müzakirələrdən sonra layihələr səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.