Minalanmış ərazidə ağlasığmaz hərəkət: Ağdamda insanların həyatını təhlükəyə atanlar - VİDEO
Cəmiyyət
1060
16:45, Bu gün

Minalanmış ərazidə ağlasığmaz hərəkət: Ağdamda insanların həyatını təhlükəyə atanlar - VİDEO

İşğaldan azad olunmuş ərazilərdə "Qarabağ Xronikası" layihəsinin növbəti buraxılışı üçün aparılan çəkilişlər zamanı Baku TV-nin əməkdaşları təhlükəsizlik baxımından ciddi suallar doğuran hallar aşkar ediblər.

Onlar Ağdam rayonunda yerləşən yol kənarlarından birində minalanmış ərazilərin natamam şəkildə işarələndiyini müşahidə ediblər. Yolun sol tərəfi qırmızı payalarla tam şəkildə nişanlansa da, sağ tərəfdə xəbərdaredici nişanlar yalnız hissə-hissə yerləşdirilib.

Belə ki, yolun başlanğıcında bir paya görünür, təxminən 100-150 metr məsafədən sonra növbəti. Ərazidə vəziyyətin təhlükəli olduğunu açıq şəkildə göstərən digər məqam isə yolun yaxınlığında vizual olaraq görünən tank əleyhinə olan minaların mövcudluğudur.

ANAMA nümayəndəsi Samir Quluyevin sözlərinə görə, xəbərdarlıq payaları dəfələrlə quraşdırılsa da, sonradan kənd sakinləri tərəfindən sökülür və götürülür. Bunun əsas səbəbi isə həmin torpaq sahələrinin əkin məqsədilə istifadə olunmasıdır.

O qeyd edib ki, yerli sakinlərin bir qismi ərazilərin hələ də təhlükəli olduğunu tam dərk etmir və sözügedən sahələr ANAMA tərəfindən təmizlənməyib. Ərazidə açıq şəkildə görünən minaların kimlər tərəfindən çıxarıldığı isə məlum deyil. Bunun yerli sakinlər və ya digər şəxslər tərəfindən edildiyi istisna olunmur.

Onun sözlərinə görə, ANAMA yalnız rəsmi şəkildə təmizlənmiş və təhvil verilmiş sahələrə cavabdehdir.

Qeyd edək ki, minalanmış ərazilərdə xəbərdarlıq nişanlarının sökülməsi və qeyri-qanuni müdaxilələr həm bunu edən şəxslərin özləri, həm də başqaları üçün ciddi təhlükə yaradır və mənfi nümunə formalaşdırır. Bu səbəbdən hüquq-mühafizə orqanlarının məsələyə müdaxilə etməsi vacibdir.

Daha ətraflı videomaterialda:

 

Link kopyalandı!
Son xəbərlər