Bizi sosial şəbəkələrdən izləyin:
MDB dövlət başçılarının qeyri-rəsmi sammitində Rusiya Prezidenti Vladimir Putinin çıxışı təkcə diplomatik jest deyil, həm də ideoloji mesajlar baxımından diqqət çəkdi. Putin çıxışında açıq şəkildə keçmiş SSRİ dövrü ritorikasına, “vahid tarixi məkan”, “ortaq təhlükəsizlik” və “qlobal qütbləşmədə kənarda qalmamaq” tezislərinə qayıdış etdi. Bu fonda Azərbaycanın Prezidenti İlham Əliyevin sammitdə iştirak etməməsi xüsusi diqqət çəkdi.
Putinin SSRİ ritorikasına qayıdışı MDB məkanında yeni inteqrasiya cəhdi, yoxsa zəifləyən təsir rıçaqlarını bərpa etmək təşəbbüsüdür? Prezident İlham Əliyevin qeyri-rəsmi MDB sammitində iştirak etməməsi Bakının Moskvanın ideoloji çağırışlarına məsafəli münasibətinin göstəricisi kimi dəyərləndirilə bilərmi?
AMİP liderinin köməkçisi, Siyasi Şura üzvü Əli Orucov Moderator.az-a açıqlamasında deyib ki, Sank-Peterburqda Rusiya prezidenti Putinin təşəbbüsü ilə keçirilən MDB dövlət başçılarının qeyri-rəsmi sammitində Moskvanın maraqları önə çıxacağı aydın idi. Onun sözlərinə görə, Ukrayna -Rusiya müharibəsinin dayandırılması istiqamətində Qərbdə dərin fikir ayrılıqları, D.Trampın yürütdüyü siyasət Putinin özgüvənini artırıb və yarımçıq saxlamağa məcbur qaldığı məsələlərlə məşğul olmaq imkanı qazandırıb:
“Rusiya keçmiş SSRİ məkanının özünün təsir dairəsi, hətta mülki kimi sayır. Həmin coğrafiya uğrunda da Çin, Avropa İttifaqı, ABŞ, Yaponiya kimi nəhənglər açıq mübarizəyə girişib. Mərkəzi Asiya regionuna Çinin və Qərbin investisiya proqramları işə salınır. Aİ və Birləşmiş Ştatlarla geniş əlaqələr qurulur. Cənubi Qafqazda Azərbaycan real gücə çevrilərək regional və beynəlxalq münasibətlərdə fəal oyunçuya çevrilir. Normallaşma prosesi, inteqrasiya və kommunikasiya, tranzit şəbəkəsinin şaxələndirilməsi üçün əlverişli imkanlar yaranır. Moskva bütün bunlara seyrçi qalmaz və qalmır da. Putinin də çıxışları diplomatik qaydada məhz pərakəndə və dağılmış halda olan postsovet ölkələrini Rusiya çətiri altında birləşdirmək ideyası üzərində qurulmuşdur. Faktiki olaraq bu gün MDB-nin özümə ən böyük təhlükə məhz Rusiyadır”.
Əli Orucov qeyd edib ki, Cənab Prezident İ.Əliyev Putinin məqsədlərini və niyyətini yaxşı bildiyindən bu tədbirdə haqlı olaraq iştirakdan imtina etdi:
“Rusiya tarixən heç vaxt atdığı imzasına və verdiyi sözə sadiq qalmayıb. Düşənbədə 9 oktyabrda prezidentlərin görüşündə Rusiya dövlət başçısı publik olaraq vədlər verdi ki, Rusiya Silahlı Qüvvələri tərəfindən hədəf alınan AZAL- a məxsus mülki təyyarənin vurulmasından iştirak edənlər məsuliyyətə cəlb olunub cəzalandırılacaq, kompensasiya ödəniləcək. Ancaq 25 dekabrda bir ili tamam olacaq həmin cinayətə görə məsuliyyətə cəlb edilən də yoxdur, kompensasiya ödənişi də yoxdur. Rusiya təzyiqlərini hələ də davam etdirir. Odur ki, Putinlə rəsmi və yaxud da qeyri- rəsmi müzakirələr nəticəsiz olduğundan görüşlərin də səfərlərin də anlamı qalmır. Hesab edirəm, cənab Prezident çox düzgün addım ataraq Rusiyanın Sankt Peterburq şəhərində keçirilən MDB zirvə görüşünə getmədi”.
Mehin Mehmanqızı