“Ac idi” deyib oğurluğa yaşıl işıq yandırırıq? - Təhlükəli “mərhəmət” dalğası
Cəmiyyət
456
13:25, Bu gün

“Ac idi” deyib oğurluğa yaşıl işıq yandırırıq? - Təhlükəli “mərhəmət” dalğası

Sosial şəbəkələrdə ərzaq oğurluğu ilə bağlı yayılan xəbərlərdə müşahidə edirik ki, bəzi istifadəçilər "ac idi, oğurladı", "ərzaq oğurluğuna görə cəza verilməməlidir" kimi fikirlər səsləndirir. Yəni bu məsələdə ictimai qınağın olmadığını görürük. Bu cür yanaşmalar isə oğurluğa haqq qazandırmaqla yanaşı, bir çox insanı dolayısı ilə bu əmələ təşviq edir.

Moderator.az xəbər verir ki, mövzu ilə bağlı Milli.az-a açıqlama verən sosioloq Yusif Nəbiyev bildirib ki, ərzaq oğurluğuna ictimai simpatiyanın artması hüquqi deyil, daha çox mənəvi refleksin nəticəsidir:

"Burada insanlar cinayəti yox, vəziyyəti mühakimə edirlər. Cəmiyyətlərdə rəsmi və formal qanunlar mövcuddur və normal şəraitdə bu qanunlar qorunur. Lakin elə məqamlar olur ki, sosial-iqtisadi vəziyyət insanlara həmin qanunlara əməl etmək üçün real imkan yaratmır. Bu halda insanlar alternativ və qeyri-qanuni yollara yönəlir, nəticədə ictimai qınaq da kəskin şəkildə azalır".

Sosioloqun sözlərinə görə, insanlar ərzaq oğurluğuna haqq qazandırarkən, əslində oğrunu deyil, mövcud sistemi ittiham etməyi seçirlər:

"Bu, bir növ sistemdən intiqamdır. "İnsanlara başqa yol buraxmırsan, onda cəzasını da çək". Amma bu yanaşma sağlam deyil. Çünki məsələ bununla bitmir və uzunmüddətli perspektivdə ciddi fəsadlara yol açır. Belə yanaşma nəticəsində ictimai qınağın zamanla yox olma riski var".

Yusif Nəbiyev qeyd edib ki, ictimai qınağın zəifləməsi sosial normaların bulanıqlaşmasına səbəb olur. O, bu fikrini sosioloq Emil Durkheimin yanaşması ilə əsaslandırıb:

"Durkheimə görə, qınaq və cəza sadəcə qorxutma mexanizmi deyil, həm də sosial normaların harada başladığını göstərən siqnaldır. "Ac idi, oğurladı" yanaşması oğurluq, mülkiyyət hüququ, sosial inteqrasiya və digər insanların azadlıq sərhədləri kimi anlayışları qeyri-müəyyən edir. Bu isə yoxsulluğu görünən etməklə yanaşı, oğurluğu da anlaşılan və məqbul davranış kateqoriyasına sürüşdürür. Uzunmüddətli perspektivdə bu yanaşma sadəcə dəyər aşınmasına səbəb olur".

Sosioloq beynəlxalq təcrübəyə də toxunaraq ABŞ nümunəsini xatırladıb:

"Hazırda ABŞ-nin bəzi ştatlarında 500 dollardan daha kiçik oğurluq hallarını cinayət yox, inzibati xəta kimi qəbul edirlər və hüquq-mühafizə orqanları bu tip işlərin arxasınca düşmürlər. Nəticədə nə olur? Kasıblıq azalırmı? Yox. Əksinə, oğurluğa əl atanların statistikasında maddi imkan limiti daha da qalxır. Loru dildə izah etsək, dünənə qədər aylıq gəliri 100 dolların altında olan fərdlər ərzaq oğurlayırdısa, artıq 300 dolların altında olanlar da ərzaq oğurlamağa başlayırlar ".

Yusif Nəbiyev vurğulayıb ki, bəzən sosial ədalətsizliyi düzəltmək əvəzinə, onun nəticələrini romantikləşdiririk:

"Halbuki, doğru yanaşma nə oğurluğu alqışlamaqdır, nə də ac insanı daşlamaq. Doğru yanaşma sualı dəyişməkdir. "Niyə bu ölkədə kimsə çörək oğurlamaq nöqtəsinə gəlib çıxır?". Baxın, bu sual cavablandırılmadıqca nə ictimai qınaq, nə də ağır cəzalar real nəticə verəcək".

Link kopyalandı!
Son xəbərlər