İnsan alverinə qarşı mübarizə üzrə QHT Koalisiyası 2025-ci il üzrə Yekun hesabat konfransı keçirdi
Cəmiyyət
1403
18:08, Bu gün

İnsan alverinə qarşı mübarizə üzrə QHT Koalisiyası 2025-ci il üzrə Yekun hesabat konfransı keçirdi

Azərbaycan Respublikasında İnsan Alverinə Qarşı Mübarizə üzrə Qeyri-Hökumət Təşkilatları Koalisiyası (İAQMQHTK) 19 dekabr 2025-ci il tarixində onlayn formatda 2025-ci il üzrə illik hesabat iclasını keçirmişdir.

Tədbir Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Koalisiya arasında insan alverinə qarşı mübarizə sahəsində əməkdaşlığa dair imzalanmış Anlaşma Memorandumuna əsasən hazırlanmış 2025-ci il üzrə İş Planının icra vəziyyətinin qiymətləndirilməsi məqsədilə təşkil olunmuşdur. İclasda 41 üzvdən 23 nəfəri iştirak etmişdir.

İclas Koalisiyanın İdarə Heyəti sədrinin müavini Şəmsəddin Əliyevin açılış nitqi ilə başlamış, o, iştirakçıları salamlayaraq gündəlikdə duran əsas məsələlər barədə məlumat vermişdir.

Daha sonra Koalisiyanın sədri Mehriban Zeynalova 2025-ci il üzrə illik hesabatla çıxış etmişdir. Hesabatda il ərzində həyata keçirilmiş fəaliyyətlər və əldə olunan nəticələr ətraflı şəkildə diqqətə çatdırılmışdır.

Bildirilib ki, 2025-ci il ərzində Koalisiya tərəfindən ümumilikdə:

  • 15 təlim keçirilmiş, bu təlimlərdə 400 nəfər iştirak etmişdir;
  • 9 görüş təşkil olunmuş, 167 nəfər cəlb edilmişdir;
  • 4 beynəlxalq tədbir həyata keçirilmiş, 108 nəfər iştirak etmişdir;
  • 2 ictimai dinləmə keçirilmiş, 61 nəfər iştirakçı olmuşdur;
  • Qanunvericilik təşəbbüslərinə dair 5 müzakirə və rəy toplantısı təşkil edilmiş, 51 nəfər ekspert və maraqlı tərəf iştirak etmişdir;
  • Kütləvi informasiya vasitələrində 325 maarifləndirici material dərc olunmuş və bu materialların ümumi baxış sayı 454 281 olmuşdur;
  • Insan alverinə qarşı mübarizə üzrə Milli Təlim Modulu və İnsan alverinə qarşı mübarizədə Rəqəmsal Monitorinq üçün təlimat kitabları çapdan çıxarılıb.
  • Dövlət qurumlarına və aidiyyəti strukturlara 42 rəsmi müraciət və məktub göndərilmişdir.

Hesabatda vurğulanmışdır ki, bu fəaliyyətlər insan alveri qurbanlarının erkən müəyyən edilməsi və müdafiəsi, maarifləndirmə və təbliğat işlərinin genişləndirilməsi, ictimai nəzarətin gücləndirilməsi, regional monitorinqlər və sosial tədqiqatların aparılması, həmçinin mütəxəssislərin peşəkar bacarıqlarının artırılması istiqamətində mühüm töhfələr vermişdir. Eyni zamanda beynəlxalq əməkdaşlıq və təcrübə mübadiləsi tədbirləri də uğurla icra olunmuşdur.

Toplantı çərçivəsində Monitorinq qrupunun nümayəndələri, Qanunvericilik qrupunun rəhbəri Şəmsəddin Əliyev, eləcə də regional koordinatorlar çıxış edərək 2025-ci il ərzində görülmüş işlərin nəticələri və qarşıda duran çağırışlar barədə fikirlərini bölüşmüşlər. Müzakirələr zamanı insan alverinə qarşı mübarizədə dövlət qurumları ilə vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyi xüsusi vurğulanmışdır.

Xüsusi olaraq qeyd edilmişdir ki, hesabatda əks olunan bütün fəaliyyətlər heç bir donor və ya layihə maliyyələşməsi olmadan, Koalisiya üzvlərinin və ekspertlərin şəxsi təşəbbüsü və könüllü fəaliyyəti əsasında həyata keçirilmişdir. Bu, vətəndaş cəmiyyətinin insan alverinə qarşı mübarizədə prinsipial mövqeyini və davamlı ictimai məsuliyyətini nümayiş etdirir.

Tədbirin sonunda 2025-ci il üzrə illik hesabat təsdiqlənmiş, eyni zamanda 2026-cı il üçün əsas fəaliyyət istiqamətləri və tövsiyələr müəyyən edilmişdir.

İAQMQHTK gələcək dövrdə də dövlət siyasətinin icrasına dəstək vermək, insan alverinin bütün formalarına qarşı mübarizəni gücləndirmək və qurbanların hüquqlarının qorunmasını təmin etmək istiqamətində fəaliyyətini ardıcıl şəkildə davam etdirəcəyini bəyan etmişdir.

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər