Azərbaycan Televiziyası bu il iki mühüm tarix – Azərbaycan radiosunun 100, Azərbaycan televiziyasının isə 2026-cı ildə qeyd olunacaq 70 illik yubileyi münasibətilə Yeni il gecəsinə xüsusi buraxılış hazırlayıb.
Bu barədə Moderator.az-a AzTV-nin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, 31 dekabr saat 21:00-da başlayacaq bayram proqramı yalnız konsert deyil, Azərbaycan musiqisinin qızıl fonduna səyahət olacaq.
Klassik estrada ifalarından tutmuş müasir hitlərə qədər müxtəlif janrlarda təqdim ediləcək çıxışlar pop-simfonik orkestrin müşayiəti ilə tamaşaçılara təqdim ediləcək.
Proqramda 80-dən çox musiqi nömrəsi, 46 tanınmış ifaçı çıxış edəcək.
Gecənin ən diqqətçəkən məqamlarından biri Azərbaycan musiqi səhnəsinin korifeyləri – Xalq artistləri Zeynəb Xanlarova, Flora Kərimova, Mübariz Tağıyev və Polad Bülbüloğlunun səhnəyə çıxışı olacaq.
Eyni zamanda 2009-cu ildə “Avroviziya”da Azərbaycanı təmsil etmiş Aysel Teymurzadə uzun fasilədən sonra Yeni il gecəsi tamaşaçıların qarşısında olacaq. Bu onun səhnəyə qayıtdıqdan sonra AzTV-də ilk çıxışı olacaq.
Gecədə Flora Kərimova və Samir Bağırovun “Ölmədən əvvəl” duetinin televiziya premyerası baş tutacaq.
Layihənin rejissoru Elnur Məmmədov, səhnə rejissoru Tərlan Tağıyev, layihə rəhbəri isə Nazilə Babayevadır.