“O vətən xaini mənim torpağımı sata bilməz. O, Qod Nisanova Sabunçu rayonuna aid sənədləri olan torpaq satıb. Mənim torpağım, üstündəki evlər sənədli-sübutlu Abşeron rayonunun ərazisidir”.
Moderator.az xəbər verir ki, bu sözləri Musavat.com-a Hacı Qalib Salahzadə deyib.
Sabiq spiker Rəsul Quliyevin Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Zağulba şosesində yerləşən torpaq sahəsini satması ilə bağlı yayılan xəbərlərə sərt reaksiya verib. Hacı Qalib Salahzadə bildirib ki, sözügedən torpaq sahəsi Rəsul Quliyevə məxsus deyil və satış əməliyyatı açıq şəkildə qanunsuzdur:
“Avqust ayında gizli sövdələşmə aparılıb. Bu, birbaşa Azərbaycanın maraqlarına ziddir. Vətən xaini Rəsul Quliyev üçün Amerikaya pul göndərilir. Söhbət 5 milyon manatdan gedir”.
Hacı Qalib Salahzadənin sözlərinə görə, mübahisəli ərazi əslində Abşeron rayonuna aiddir və vaxtilə Bilgəh Zəfəran Sovxozunun balansında olub: “Əlimdə Apellyasiya Məhkəməsinin qətnaməsi var. Açıq şəkildə göstərilib ki, evlər və torpaq mənə məxsusdur. Xəritələr də bunu sübut edir. Amma Rəsul Quliyev Sabunçu rayonuna aid başqa bir torpaq sahəsinə dair sənədi 5 milyon manata satıb”.
Hacı Qalib Salahzadə iddia edir ki, bu prosesdə müxtəlif vasitəçilər də iştirak edib. Onun sözlərinə görə, alqı-satqı 7 saylı Notariat Kontorunda baş tutub:
“Elçin Hidayət Həsənovun qardaşı Yalçın Həsənov uzun illərdir Qod Nisanovun Azərbaycandakı nümayəndəliyinin rəhbəridir. Qod Nisanovun atası, mərhum Semyon kişi və Səid adlı şəxs üç il əvvəl yanıma gəlib torpağı almaq istədilər. Mən qəti şəkildə imtina etdim. Dedim ki, o yerə mərhum Ulu öndər də gəlib baxmışdı. Yəni ora satılan yer deyil. Mən Qod Nisanovun atasını hörmətlə yola salandan sonra müxtəlif oyunlara əl atıldı. O torpaq satılmır. Kim kimə nə verib, nə alıb özləri bilər”.
Xatırladaq ki, həmin torpaq sahəsi və Rəsul Quliyevə məxsus digər əmlaklarla bağlı uzun illər sabiq deputat, Şeyxülislam Allahşükür Paşazadənin qudası Qalib Salahzadə ilə məhkəmə mübahisəsi aparılıb. Rəsul Quliyev 1996-cı ildən ABŞ-da yaşayır. Onun ailə üzvləri isə 30 ildən sonra bu ilin oktyabr ayının sonlarında Bakıya gəliblər.