16 dekabr - Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramı günü və Nazirliyin yaranmasının 20-ci ildönümü ilə əlaqədar təntənəli mərasim keçirilib.
Moderator.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Qeyd edilib ki, mərasimdə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov, Beynəlxalq Mülki Müdafiə Təşkilatının baş katibi Ərgüc Kələntərli, Qırğızıstanın fövqəladə hallar naziri, general-leytenant Boobek Ajikeev, Özbəkistan fövqəladə hallar nazirinin birinci müavini Sanjar Zuparov, Rusiya fövqəladə hallar nazirinin müavini Roman Kurınin, Belarus fövqəladə hallar nazirinin müavini, general-mayor İqor Bolotov, Tacikistan Hökuməti yanında Fövqəladə Hallar Komitəsi sədrinin müavini, general-mayor İmomali İbrohimzoda, Gürcüstan daxili işlər nazirinin müavini Giorgi Sahokia Azərbaycan FHN-in əməkdaşları, FHN yanında İctimai şuranın üzvləri, fövqəladə hallar könüllüləri və media təmsilçiləri iştirak ediblər.
Tədbir iştirakçıları, əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət edib, abidəsi önünə əklil və gül dəstələri qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üstünə çiçəklər düzülüb. Sonra Şəhidlər xiyabanı ziyarət edilib.
Sonra mərasim iştirakçıları Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Nazirliyin xüsusi texnikalarından ibarət sərgi ilə tanış olublar.
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov mərasimdə çıxış edib. Peşə bayramı və əlamətdar yubiley münasibətilə Fövqəladə Hallar Nazirliyinin şəxsi heyətini təbrik edən nazir FHN-in əməkdaşlarına çətin, lakin şərəfli işlərində daim uğurlar arzulayıb.
O, vurğulayıb ki, Fövqəladə Hallar Nazirliyinin qüvvələri Vətən müharibəsi günlərində cəbhəboyu zonada yaşayan əhalinin təhlükəsiz məntəqələrdə yerləşdirilməsi və hər cür təminatının təşkili, döyüşlərdə yaralanmış əsgər və zabitlərimizin təyyarə və helikopterlərlə təxliyəsi, Ermənistanın mülki obyektlərə endirdiyi zərbələr nəticəsində yaranan yanğın və dağıntıların operativ aradan qaldırılması, zərərçəkmişlərin xilas edilməsi, onlara psixoloji yardımın təşkili kimi vəzifələri şərəflə yerinə yetirib.
Sonra "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələrin verilməsi haqqında" və "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi əməkdaşlarının təltif edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2025-ci il tarixli sərəncamları oxunub.
Tədbirin sonunda mərasim iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevə müraciət qəbul olunub.