Qış ayları ilə bağlı əhaliyə VACİB XƏBƏRDARLIQ! – Bizi aldadıblar?!
Cəmiyyət
1298
10:01, Bu gün

Qış ayları ilə bağlı əhaliyə VACİB XƏBƏRDARLIQ! – Bizi aldadıblar?!

Tez-tez səslənən fikirlərdən biri də budur ki, “bu qış sərt keçəcək”. Maraqlıdır ki, bu cür iddiaları demək olar hər il eşidirik. Bəs əslində qış aylarının sərt, yoxsa mülayim keçəcəyini göstərən konkret əlamətlər varmı? Bu proqnozlar nəyə əsaslanır və nə dərəcədə doğrudur?
 
Moderator.az xəbər verir ki, alim, ekoloq Sadiq Həsənov məsələ ilə bağlı “Yeni Sabah”a danışıb. Onun sözlərinə görə, burada bir neçə vacib məqama diqqət yetirmək lazımdır:
 
“Ümumiyyətlə, Azərbaycanda hava şəraitini, xüsusilə də soyuq hava proseslərini ölkəyə müxtəlif istiqamətlərdən daxil olan hava kütlələri müəyyən edir. Bu istiqamətlər əsasən üçdür. Birincisi, kontinental arktik qütb havasıdır. Bu hava kütlələri Arktika qütbündən gəlir, quru və olduqca soyuq xarakter daşıyır. Əsasən Sibir və Barens dənizi istiqamətindən Azərbaycana daxil olur və daha çox qış aylarında təsir göstərir.
 
İkincisi, dəniz mənşəli arktik hava kütlələridir. Bu kütlələr Qrenlandiya və Şpitsbergen istiqamətindən gəlir və əsasən mart–aprel aylarında ölkəmizə doğru yönəlir. Onlar da soyuq hava gətirən hava axınlarıdır.
 
Üçüncüsü isə şimal Xəzri küləkləridir. Xəzər dənizi üzərindən əsən bu küləklər də havanın soyumasında mühüm rol oynayır və soyuq hava kütlələrinin ölkəyə daxil olmasına şərait yaradır”.
 
Ekspert bildirib ki, Böyük Qafqaz sıra dağları şimaldan gələn soyuq hava kütlələrinin qarşısını qismən alaraq hava şəraitini müəyyən qədər normallaşdırır:
 
“Bu da Azərbaycanın iqliminin formalaşmasında mühüm amillərdən biridir və temperaturun kəskin şəkildə aşağı düşməsinə mane olur. Hazırkı müşahidələr göstərir ki, Azərbaycanda qışın sərt və uzunmüddətli soyuq keçəcəyini deməyə əsas verən ciddi əlamətlər yoxdur. Çünki son illər iqlim dəyişiklikləri özünü açıq şəkildə göstərir.
 
Fəsillərin və aylardakı hava şəraitinin yeri dəyişib. Məsələn, noyabr ayında mülayim və isti hava şəraiti müşahidə etdik. Dekabr və yanvar aylarında qısa müddətli soyuq hava kütlələrinin daxil olması mümkündür. Lakin bu proseslərin uzun çəkməyəcəyi və sonradan yenidən mülayim hava ilə əvəz olunacağı ehtimal edilir. Bu səbəbdən qışın tam olaraq sərt, yoxsa mülayim keçəcəyini əvvəlcədən dəqiq demək çətindir. Ancaq ümumi ehtimala görə, soyuq hava kütlələri uzunmüddətli və davamlı olmayacaq”.
 
“Hazırda müşahidə olunan təxminən 1,5 dərəcəlik temperatur artımı artıq bütün dünyada hava mühitini ciddi şəkildə dəyişib. Bu prosesin təsiri ilə Avropanın bir çox ölkəsində qış fəsli əvvəlki illərlə müqayisədə daha az soyuq keçir, hava şəraiti əsasən mülayim olur. Şimal qütbündən və Arktika bölgəsindən daxil olan hava kütlələrinin artıq əvvəlki kimi sərt xarakter daşımaması onu göstərir ki, Azərbaycanda da hava şəraiti yalnız qısa müddətli soyuq epizodlarla müşahidə oluna bilər. Bu qısa soyuq dövrlərdən sonra isə yenidən mülayimləşmə mərhələsi başlayacaq”, - deyə S.Həsənov vurğulayıb.
 
Həmçinin, o, əlavə edib ki, iqlimdə baş verən kəskin dəyişikliklər fonunda tam dəqiq və uzunmüddətli proqnoz vermək mümkün deyil:
 
“Çünki temperatur artımı davam edir, qlobal istiləşmə prosesi güclənir və bu hal həm Arktika, həm də Antarktika – yəni Cənub qütbü ərazilərində hava mühitində ciddi dəyişikliklərə səbəb olur. Buzlaqların əriməsi, soyuq hava kütlələrinin əvvəlki intensivliklə formalaşmaması müşahidə olunur ki, bu da ümumi hava mühitinin daha mülayim keçməsinə gətirib çıxarır”.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər