6 aylıq körpəni saatlarla gözlətdilər – “Leyla Medical”a ağır ittiham
Cəmiyyət
405
13 Dec 2025 | 23:20

6 aylıq körpəni saatlarla gözlətdilər – “Leyla Medical”a ağır ittiham

"Mart ayında övladım bronxit oldu və yeməkdən, içməkdən imtina etdiyi üçün pediatrımızla “Leyla Medical Center” özəl xəstəxanasının stasionarına yatırmağı uyğun gördük. Saat 12-də gəlməyimizə baxmayaraq prosedurla, lazımsız suallarla, ardından isə rentgen növbəsinə və lor həkimin növbəsində yatışa gələn 6 aylıq körpəni gözlədərək yalnız saat 16:00-da damar yolu qoyuldu".

Moderator.az xəbər verir ki, bu barədə jurnalist Nərmin Salmanova sosial mediada paylaşımında qeyd edib.

"Bu müddət ərzində uşaq gecədən bəri nə yemişdi, nə içmişdi. Buna haqlı etirazım, “niyə yatışa gələn halsız körpəni növbəsiz təcili müayinələrə gördərməmisiniz” sualıma isə stasionara rəhbərlik edən pediatr tərəfindən “xəstələrin hamısı bizim üçün eynidir” cavabı gəldi. Növbələrdə gözlədib, suallarla zəruri müdaxiləni uzadan da elə özü idi. Dedim ki, axı öz ayağı ilə orada oturan 18, 30 və 40 yaşlarındam olan şəxslərlə yatışa gələn və heç nə bədəninə dünəndən getməyən 6 aylıq körpə eyni ola bilməz? Sadəcə üzümə baxdı", - deyə bildirib.

Onun sözlərinə görə, əsl səriştəsizlikləri isə həmin gecə yaşanıb: "Damar yolu uşaqda gecə yarısı daha işləmədi və yenisini açmaq lazım idi. Düz 1 saat yarım növbətçi həkimlər, tibb bacıları oğluma yalnız əzab verdilər. Bəhanələri bu idi ki, qidasızlıqdan damarlar tonusdan düşübmüş.

Bütün büküklərini dəfələrlə deşdilər, iynə ilə damar axtarırdılar, amma düşə bilmirdilər. Başqaları gəlirdi, hər dəfə bir az da incidirdilər. Ağlamaqdan, çığırmaqdan uşağın halı qalmamışdı.
Üzündə elə bir əzab var idi ki, o gecəni ömrümün sonunadək unutmayacağam.
Sonda sadəcə işgəncəni dayandırmaqlarını tələb etdim. Səhər həmin o stasionara nəzarət edən pediatra vəziyyəti izah etdim və dedim ki, oğluma əgər bu gecə damarı vasitəsilə zəruri müdaxilə lazım olsaydı, bizi köməksiz qoyacaqdılar.

Bu dəfə təcili yardımdan təcrübəli tibb bacısını göndərdi və nədənsə bu tibb bacısı bütün gecə qidasız qalan və daha çox “tonusdan düşməli” olan damara dərhal düşməyi bacardı".
Jurnalist xəstəxanadan çıxanda “Leyla Medical Center”ə şikayət yazdığını və geridönüşün tanışlıq əlaqəsi səbəbindən edildiyini vurğulayıb: "Yoxsa o da olmazdı. Mənə telefonda verilən absurd sual isə bu idi: “Şikayət sadəcə budur? Personal özü sizinlə xoş davranırdı?” Dedim, təki xoş davranışa verdiniz önəmi peşəkarlığa yönəldərdiniz. Pediatriya korpusunun tibb bacılarına təlim keçin. Biz ora kömək üçün gəlmişdik, o gecə övladım o köməyi sizdən almadı. Bəs həyati əhəmiyyətli olsaydı?"
N.Salmanova palatalarda havalandırma sisteminin də nasaz olduğunu söyləyib: "Otaqda övladımın yanında yatdığım yerdə havalandırmanın temperaturunu tənzimləmək olmurdu. Normal olan temperatur gecə buz kimi kondisionerə keçdi. Nəticədə oradan mənə haymorit “yadigar” qaldı".

Qeyd edək ki, Referans Medical Group daxilində fəaliyyət göstərən "Leyla Medical Center"in Pediatriya Mərkəzinin açılışı ötən il aprelin 1-də olub.

 

(Teleqraf)

Link kopyalandı!
Son xəbərlər