Beynəlxalq Qarabağ Forumu İdarə heyətinin onlayn formatda növbəti iclası keçirilib. İclasa təşkilat rəhbərləri, elm adamları, o cümlədən Azərbaycandan Akif Nağı, Şamil Mehdi, Novrhz Novruzov, Səidə İsmayılzadə, Türkiyədən Ziya Zakir Acar, Cafer Dal, Rusiya təmsilçiləri Elşən İbrahimov, Təhmasib Zeynalov, Ukraynadan Qulu İbrahimov, İsveçdən Ülviyyə Nəcəfova, Almaniyadan Burzu Qılıncxanov qatılıb.
Moderator.az xəbər verir ki, A.Nağı iclası açaraq qurumun adının, formatının dəyişdirilməsi, əsas fəaliyyət istiqamətləri, hədəfləri ilə bağlı təkliflərini verib.
Geniş müzakirələrdən sonra ölkədə və dünyada yaranmış yeni şəraitə uyğun olaraq qurumun adının "Qarabağ-Zəngəzur Forumu (QZF)" formasında dəyişdirilməsi qərara alınıb. Həmçinin Forumda tarix, siyasət , mədəniyyət sahələrinə dair müzakirələrin keçirilməsi, müəyyən məsələlərlə bağlı konseptual sənədlərin hazırlanıb ölkə və beynəlxalq qurumlara çatdırılması, Qarabağ və Zəngəzur həqiqətlərinin beynəlxalq birliyə çatdırılması, düzgün ictimai rəyin formalaşdırılmasına dəstək verilməsi, konfrans, dəyirmi masa və bu cür digər tədbirlərin keçirilməsi kimi fəaliyyət istiqamətləri müəyyənləşdirilib. Gənclərlə təmasların qurulması, birgə layihələrin həyata keçirilmısi, onların ümummilli işlərə cəlb ediməsinin vacibliyi xüsusi olaraq qeyd edilib.
Sonda Forumun fəaliyyət rejimi və digər texniki-təşkilati məsələlər razılaşdırılıb.