Azıx və Tağlar mağaralarında iki abidə aşkarlanıb
Cəmiyyət
379
16:45, Bu gün

Azıx və Tağlar mağaralarında iki abidə aşkarlanıb

"Azıx və Tağlar mağaralarında Paleolit dövrünə aid iki abidə aşkarlanıb. Gələn ilin ikinci yarısında bu iki abidənin tədqiqi barədə nəticələr açıqlanacaq".

Moderator.az xəbər verir ki, bunu APA-ya açıqlamasında AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun direktoru Fərhad Quliyev bildirib.

Onun sözlərinə görə, Azıx və Tağlar abidələri beynəlxalq əhəmiyyətli abidələr olduğuna görə tədqiqat prosesində beynəlxalq tərkibli ekspedisiyalar fəaliyyət göstərir:

"Bu ekspedisiyalar Azərbaycan, Almaniya, Yaponiya və Danimarka mütəxəssisləri ilə birlikdə aparılır. Ekspedisiyalara Azərbaycan Arxeologiya və Antropologiya İnstitutunun arxeoloqları rəhbərlik edirlər. Yəni həm yerli, həm də xarici mütəxəssislər ekspedisiyalarda birgə çalışırlar. Ümumilikdə, bu heyət 50 nəfər tədqiqatçını əhatə edir. Onların yarısı azərbaycanlı, yarısı isə xaricidir. Bu ekspedisiyalar uzunmüddətli danışıqlarla, həmin abidələrdə Azərbaycan mütəxəssisləri ilə işləyə bilən, Azərbaycan mədəniyyətini dərindən bilən elmi mərkəzlərlə birgə təşkil edilir. Bundan əlavə, ekspedisiyalara Azərbaycan universitetlərinin və xarici universitetlərin müvafiq fakültələrindən tələbələr də cəlb olunurlar".

F.Quliyev bildirib ki, Azıx və Tağlar abidələrinin öyrənilməsində əsas vacib element tapılan hər bir nümunənin tam şəkildə laborator analizlərdən keçməsidir:

"Bu analizlər Qərb ölkələrinin tanınmış "dating" (yaş təyin edən) laboratoriyalarında aparılır. Laborator analizlərin nəticələri müəyyən vaxt tələb edir. Çünki söhbət 1 milyon 800 min il yaşı olan abidələrdən gedir və tapıntıların mahiyyətinin dəqiq öyrənilməsi üçün vaxt lazımdır. Bu analizlər bir neçə mərhələdə aparılır və nəticələr bizə elan olunduqdan sonra birgə şəkildə nəşr olunur".

Direktor bildirib ki, təxminən, 2026-cı ilin birinci yarısında bu abidələrlə bağlı çox ciddi və maraqlı elmi nəticələr əldə olunacaq:

"Bu nəticələr əvvəlki, sovet dövrünün tədqiqatlarından fərqli olaraq, daha müasir texnoloji və metodoloji yanaşmalarla əldə ediləcək. Bu səbəbdən yeni nəticələrin müəyyən mənada sensasion olacağı da gözlənilir. Elmi nəticələr birgə toplantıdan sonra açıqlanacaq və ciddi elmi nəşrlərdə yayımlanacaq".

F.Quliyevin sözlərinə görə, Azıx və Tağlar mağaralarında aparılan tədqiqatlar 2030-cu ilədək davam edəcək:

"Bu tədqiqatlar çox mürəkkəb xarakter daşıyır. Çünki təkcə arxeoloji qazıntılarla kifayətlənmir, coğrafiya, geologiya və digər elm sahələrinin də iştirakı ilə həyata keçirilir. Burada əsas məqsəd o dövrdə ilkin insanın həyat tərzini, yaşam şəraitini və inkişaf dinamikasını öyrənməkdir. Hər bir nümunə çox dəyərlidir, ona görə də torpaq qatı ehtiyatla götürülür və elmi metodlarla analizə göndərilir. Çünki laborator analizlər yalnız düzgün götürülmüş nümunələr üzərində aparıldıqda etibarlı nəticə verir".

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər