“FETO” terror təşkilatının bəzi üzvlərinin Gültəkin Hacıbəylini dəstəkləmələrinə dair faktlar
Cəmiyyət
574
11:50, Bu gün

“FETO” terror təşkilatının bəzi üzvlərinin Gültəkin Hacıbəylini dəstəkləmələrinə dair faktlar

Faktyoxla "Milli Şura" üzvü Gültəkin Hacıbəyli saxlanıldıqdan sonra Türkiyədə və Avropada onu dəstəkləyən qüvvələrin bir qrupunun kimliyini araşdırıb.

1. Gültəkin Hacıbəylinin saxlanılması ilə bağlı xəbəri dərc edən saytlardan ilk diqqətimizi çəkən “aktifhaber” adlı sayt oldu. 

Araşdırmalarımız zamanı müəyyənləşdirdik ki, bu saytın təsisçisi Almaniyada yaşayan FETO-çu jurnalist Cevheri Güvendir.

Bu skrinlər saytın mənşəyi və yönü barəsində Türkiyə mediasında yayılan xəbərlərdən götürülüb:

Qeyd edək ki, bu sayt, Cevheri Güven Avropa İnsan Haqqları Məhkəməsinə (AİHM) etdikləri müraciətlər rədd olunan FETO mənsubları tərəfindən 2020-ci ildə Belçikada qurulmuş “Türkiyə tribunalı” adlı qondarma “məhkəmə”nin saytında “media sahəsində zərərçəkmiş” kimi təqdim olunur. Bundan başqa, “aktifhaber” saytının adı “Türkiyə tribunalı” portalının “media” bölməsində digər “FETO-çu saytlar”la bir yerdə çəkilir.

“Aktifhaber”-in Azərbaycanla bağlı yaydığı bütün xəbərlərdə qərəz və qarayaxma özünü açıq göstərir.

Məsələn, ‘‘Azərbaycan polisi, ODTÜ-də təhsil alan müxalif tələbəni Ankaranın mərkəzində qaçırıb’’ xəbərində sayt Azərbaycana iftira atmaqdan çəkinmir, ‘’Azərbaycanlı vəkillər ikinci mərhələyə görə gəldilər: daxili işlərinizə qarışmaq kimi olmasın, ancaq…’’ xəbərində isə Azərbaycan, Türkiyədə keçirilən seçkilərə müdaxilə etməkdə günahlandırılır. Özünü hüquq müdafiəçisi kimi təqdim edən azərbaycanlı hüquqşunas İntiqam Əliyevdən alınan müsahibənin başlığına “Türkiyə “güclü dövlət” nağılına görə cavab verəcək” cümləsini qoyaraq Türkiyə-Azərbaycan münasibətlərini korlamağa cəhd edilir

Bu saytda ermənilər və Ermənistanla bağlı tamamilə fərqli yanaşmanı görürük. Azərbaycanla bağlı xəbərlərdə aqressiya, qərəz və qarayaxmaya üstünlük verən “aktifhaber” ermənilərə qarşı tam əks reaksiya, daha dəqiq desək, xüsusi simpatiya nümayiş etdirir. Məsələn, ‘‘Erməni kilsəsi kitabxanaya çevrilib! Hər insanın ibadət etmək hüququ var, sonra sizi lənətləməsinlər’’ xəbərində manipulyativ informasiya ilə yanaşı, ermənilərə qarşı simpatiya və sevgi açıq hiss etdirilir.

Niyə “manipulyativ informasiya” deyirik?! Çünki araşdırmalarımız zamanı bu kilsənin Assur kilsəsi kimi qeydiyyata alındığını müəyyənləşdirdik və kilsənin erməni kilsəsi olması ilə bağlı hər hansı bir tarixi fakta rast gəlmədik.

Hər il “24 aprel” qondarma “erməni soyqırımı” günündə ‘‘106 ildir həqiqətlərlə üzləşmək yoxdur: “erməni soyqırımı nədir, nələr yaşanıb?’’ tərzli yazılara üstünlük verən bu saytın Gültəkin Hacıbəyliyə dəstək verməsinin səbəbini anlamaq elə də çətin olmamalıdır.

2. Gültəkin Hacıbəylinin saxlanılması məsələsi ilə bağlı aktivlik nümayiş etdirənlərdən biri də “MGTV” “youtube” kanalının sahibi, özünü jurnalist və siyasi ekspert kimi təqdim edən Mustafa Gürbüzdür.

O, özünün “X” hesabında “Azərbaycanlı müxalif siyasətçidən Türkiyə rəsmilərinə çağırış" və Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilən Hasan Oktayın rəhbərlik etdiyi "Kafkassam" (Qafqaz Strateji Araşdırmalar Mərkəzi) saytına istinad edərək “Gültəkin Hacıbəyli: "İstanbuldaki Arnavutköy deportasiya mərkəzində saxlanılıram" şəklində iki paylaşım edib. Mustafa Gürbüzün Gültəkin Hacıbəylini tez-tez kanalındakı verilişlərə qonaq qismində dəvət etdiyi də məlumdur. 

10 may 2025–ci il tarixində Mustafa Gürbüz Gültəkin Hacıbəyli ilə çəkdirdiyi fotonu paylaşıb və aşağıdaki cümlələri yazıb: ‘’MGTV-də bəzən verilişlərimizə qonaq kimi dəvət etdiyimiz, Azərbaycanın önəmli siyasətçilərindən, “Milli Şura”-nın üzvü və keçmiş millət vəkili, dəyərli  Gültəkin Hacıbəyli ilə ilk dəfə üz–üzə gəldik. Türk Dünyası ilə bağlı olduqca faydalı müzakirələrimiz oldu. İnşallah bundan sonraki dövrdə Gültəkin xanım kimi ziyalılarımızı daha aktiv vəzifələrdə görmək imkanımız olar’’.

Mustafa Gürbüzün atası Ali Gürbüzün Türkiyədə 1970-80-ci illərdə fəaliyyət göstərmiş aktiv “nurçu” jurnalistlərdən biri olduğunu nəzərə alsaq, o zaman onun Gültəkin Hacıbəyli mövzusuna "həssas" yanaşmasının səbəblərindən birini anlamağımıza yardımçı olacaq.

3. Azərbaycanla bağlı mənfi imic yaratmaq məsələsində püxtələşən “DEM” Partiyasından millət vəkili Ömer Faruk Gergerlioğlu da Gültəkin Hacıbəyliyə dəstək verənlər arasında öz yerini alıb. Ö.F.Gergerlioğlu özünün “X” və “Facebook” səhifələrində G.Hacıbəyli ilə bağlı statuslar paylaşıb: “Azərbaycanlı müxalif siyasətçi Gültəkin Hacıbəyli İstanbulda saxlanılıb. 10 il boyunca AŞPA-da Azərbaycanı təmsil edən millət vəkilini müxalif olduğuna görə və qanunazidd şəkildə Türkiyədən deportasiya edə bilməzsiniz!”. 

Ömer Faruk Gergerlioğlu statusuna Türkiyə Respublikasının Daxili İşlər Nazirliyini və Miqrasiya Xidmətini “təq” edib.

Bir gün sonra Gergerlioğlu Gültəkin Hacıbəylinin İstanbulda saxlanılıb “G-82” kodu (“Milli təhlükəsizlik baxımından təhlükəli görünən xarici vətəndaşlara giriş yasağı”) ilə deportasiya olunması məsələsini Türkiyə Böyük Millət Məclisində səsləndirib

Bəs, maraqlıdır, Gültəkin Hacıbəylini müdafiə edən qaragüruhla Ömer Faruk Gergerlioğlunun nə əlaqəsi var?!…

Əslində, Ö. F Gergerlioğlunun FETO ilə əlaqələri prosesləri izləyənlər üçün yenilik sayılmır. Məsələn, 2020-ci ildə ölkədən qaçan FETO-çular onlayn iclaslar keçirəndə, bu şəxs də həmin iclaslarda iştirak edib.

İddialarımızı təsdiqləyən digər faktı “Gerçek Hayat” saytının xəbər başlığında görmək olar:

2021-ci ildə Gergerlioğlunun “millət vəkili” mandatı əlindən alınanda, ona kimlərin dəstək verdiyinə diqqət yetirsək bir çox mətləblərə aydınlıq gətirmiş olarıq. Həmin dönəmdə Gergerlioğluna ölkədən qaçaraq xaricə sığınan FETO-çulardan Tarık Toros, Ahmet Dönmez, Akın İpek, Emre Uslu, Said Sefa, PKK imamı Bahattin Karataş, ABŞ-dəki keçmiş “imam”lardan İsmail Nazlı dəstək verib

FETO-çularla münasibətlərini gizlətmək üçün “hüquq müdafiəçisi” obrazının arxasında gizlənən bu şəxs tez–tez Azərbaycana qarşı əsassız ittihamlar irəli sürməsi haqda dəfələrlə “Faktyoxla”-da yazılar verilib. İndiki məsələ ilə bağlı Gergerlioğlunun canfəşanlığının bir səbəbini də Azərbaycana qarşı nifrət nitqinin aparılması üçün əlinə əlavə “bəhanə düşməsi” ilə bağlamaq mümkündür.

4. Gültəkin Hacıbəyli məsələsilə bağlı Almaniyadan idarə olunan “Schwarzwald Media” adlı media qurumunun “X” hesabının da status paylaşdığı məlum olur.

Media qurumu ilə bağlı ötəri axtarış apardığımız zaman bəlli oldu ki, bu “media qurumu” ancaq “X” hesabından və eyni adlı “youtube” kanalından ibarətdir.   

Bu “youtube” kanalında videosu yayımlanan şəxsləri araşdırdığımız zaman müəyyən etdik ki, bu şəxslərin böyük əksəriyyəti FETO-ya görə Türkiyədən qaçan və hamısı, xüsusən Bülent Korucu və Adem Yavuz Arslan FETO-nun media resursu- “tr724.com” saytında çalışırlar.

5. Gültəkin Hacıbəyli mövzusunda aktiv olan media qurumlarından biri də yenə Almaniyada təsis edilmiş “Boldmedya” adlı saytdır. Bu medya qurumu da özünün “X” hesabında “Azərbaycanın keçmiş millət vəkili və “Milli Şura”nın üzvü Gültəkin Hacıbəylinin saxlanıldıqdan dərhal sonra Azərbaycana deportasiya edildiyini” yazıb.

Məlumat üçün bildirək ki, bu media qurumu da yalnız sayt və “youtube” kanalından ibarətdir. “Boldmedya”da Türkiyə və mövcud iqtidar əleyhinə yazılar yazan, videolar hazırlayan jurnalistlərin demək olar ki hamısı Türkiyə tərəfindən axtarışa verilib.

“Boldmedya”-nın saytında ölkəmizlə bağlı xəbərlərə diqqət yetirdiyimiz zaman məlum oldu ki, “aktifhaber”-də Azərbaycanla bağlı yayılan xəbərlər “Boldmedya”-da da təkrar dərc olunub. Məsələn, ‘‘Azərbaycan polisi, müxalif tələbəni Ankaranın mərkəzində qaçırıb’’, “Azərbaycan manatı 8 lirəni keçib, naxçıvanlılar İqdıra axın edib: burda pulumuz yaxşıdır” və s. bu kimi xəbərlər nöqtəsinə, vergülünə belə toxunulmadan həm “Boldmedya”-da, həm də “aktifhaber”-də yayımlanıb.

6. G. Hacıbəylinin saxlanılması məsələsini gündəmdə saxlayanlardan biri də vəkil Figen Çalıkuşudur. O, “Karar Haber”in Gültəkin Hacıbəyli ilə bağlı statusunu təkrar paylaşıb.

Onu da qeyd edək ki, “Gələcək” Partiyasının sədri Əhməd Davutoğluna yaxınlığı ilə bilinən “Karar” qəzetinin köşə yazarı olan Figen Çalıkuşu FETO-çu jurnalistlər Mehmet və Ahmet Altan qardaşlar ilə Nazlı Ilıcakın vəkili olaraq da tanınır.

FETO-ya yaxınlığı ilə bilinən jurnalist Can Dündarın təsis etidiyi “Özgürüz” "youtube" kanalında xaricdə gizlənən jurnalist Erk Acarer ilə bir yerdə “Refleks” adlı veriliş hazırlayan Figen Çalıkuşu eyni zamanda “Bağımsız Gazeteciler Platformu Derneği”nin (Müstəqil Jurnalistlər Dərnəyi) vəkilidir. Həmin dərnək isə hər il mərkəzi ABŞ-də yerləşən “Chrest Foundation” adlı fonddan ianələr və qrantlar alır.

Bütün bu məqamları nəzərə alsaq, vəkil Figen Çalıkuşunun Gültəkin Hacıbəyliyə dəstək verməsinə qeyri-adi hal kimi baxmamalıyıq. Yəni proses təbii axarında davam edir.

Məsələ ilə bağlı aktivliyi ilə seçilən və FETO ilə müəyyən əlaqələrinə dair şübhələr olan media quruluşlarından biri də "Karar” qəzetidir.  Həmin qəzetin saytında "Azərbaycanlı siyasətçi Hacıbəylinin saxlanılması Məclisin gündəmində: “G-82” təhdid kodu nəyə əsaslanır?!" başlıqlı yazı dərc olunub.

Qəzetin “X” hesabında "Azərbaycanlı siyasətçi Gültəkin Hacıbəylinin İstanbulda saxlanıldığı, “G-82” kodu ilə deportasiya ediləcəyi” başlıqlı status paylaşılıb. 

Bu xəbəri hazırlayan jurnalist Feyza Nur Çalıkoğlunun adı Türkiyədə Azərbaycanla bağlı xəbərləri izləyənlər üçün tanışdır.

Bu jurnalist də “Karar” qəzetində Azərbaycanla bağlı tez-tez əsassız və qərəzli xəbərlər hazırlayanlardandır. Məsələn, bir müddət əvvəl Azərbaycanın “Avroviziya” mahnı müsabiqəsində iştirakı ilə bağlı Türkiyədə yayılan dezinformasiyada bu jurnalistin rolu olub. Belə ki, Türkiyə mediasında Azərbaycana qarşı təşkil olunan kampaniyada iştirak edən media qurumlarının bir çoxu məhz Feyza Nur Çalıkoğlunun imzası ilə dərc edilən yazıya istinad ediblər. 

Və yaxud, "Fələstin üçün 1000 Gənc” qruplaşmasının müraciəti əsasında “Dünyanın 14 şəhərində Əliyev və Ərdoğanın İsrailə yanacaq göndərilməsinə etirazların başlaması” ilə bağlı xəbər də məhz bu jurnalistin qələminin məhsuludur.

Həmçinin, "Gergerlioğlu Bakıda Əliyevə İsrailə görə etiraz edib: Bakı-Ceyhandan İsrailə yanacaq gedə bilməz" başlıqlı xəbərə imza qoyulmasa da, yazı tərzindən Feyza Nur Çalıkoğluna aid olması açıq sezilir.  

Bu şəxsin Azərbaycana qarşı nifrəti elə bir həddədir ki, o, Türkiyədə tələbələrin etiraz aksiyasında iştirak etdiyinə görə ölkədən deportasiya edilən, Azərbaycan vətəndaşı Nənəxanım Babazadə haqqında yazı hazırlayıb və N.Babazadənin Azərbaycandan ölüm təhdidləri alması haqda saxta məlumat yayıb. 

Onu da qeyd edək ki, Feyza Nur Çalıkoğlunun adı tək Azərbaycanla bağlı dezinformasiyalarda hallanmır. O, “deportasiya mərkəzləri” ilə bağlı saxta məlumat yaydığına görə ölkənin Daxili İşlər Nazirliyi tərəfindən məhkəməyə verilib.

Nəticə

- Gültəkin Hacıbəylini dəstəkləyən KİV-lərin və sosial media hesablarının FETO-çulara aid olması faktdır;

- Bu şəxslər, əsasən Azərbaycan və Türkiyə əleyhinə fəaliyyət göstərirlər;

- Onların verdiyi dəstək bir çox qaranlıq məsələlərə aydınlıq gətirir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər