Bizi sosial şəbəkələrdən izləyin:
Məhkəmə-Hüquq Şurası rəqəmsal həll yollarının tətbiqi ilə məhkəmə idarəetməsinin müasir standartlara uyğun inkişaf etdirilməsi istiqamətində beynəlxalq əməkdaşlıq fəaliyyətini ardıcıl şəkildə genişləndirməyə davam edir.
Şuradan Moderator.az-a verilən xəbərə görə, 2025-ci ilin 3–5 dekabr tarixlərində İspaniya Krallığının Barselona şəhərində informasiya texnologiyaları sahəsində ixtisaslaşmış “Hewlett Packard Enterprise” (HPE) şirkətinin təşkilatçılığı ilə “HPE Discover 2025” tədbiri keçirilib. Tədbirdə Məhkəmə-Hüquq Şurasının Aparat rəhbərinin müavini – Rəqəmsal ədalət mühakiməsi və innovativ inkişaf şöbəsinin müdiri Nurlan Həmidli iştirak edib.
Tədbirdə məhkəmələrdə süni intellektin tətbiqini sürətləndirən innovativ həllər, qabaqcıl texnologiya şirkətlərinin müvafiq tövsiyələri, rəqəmsal təhlükəsizlik üzrə zəruri standartlar və etibarlı müdafiə strategiyaları, habelə süni intellekt əsaslı modulyar məlumat mərkəzlərinin istifadəsinin genişləndirilməsi kimi mövzularda müzakirələr aparılıb.
Sözügedən tədbir ədalət mühakiməsinin effektivliyinin artırılmasında faydalı ola biləcək ən son texnoloji yeniliklərin təhlilini mümkün etməklə, həmçinin bu sahədə aparıcı mütəxəssislərlə qarşılıqlı fikir mübadiləsi aparılaraq yeni ideyalar və qabaqcıl təcrübələrin öyrənilməsi üçün geniş imkanlar yaradıb. Ümumilikdə tədbir məhkəmə idarəçiliyinin rəqəmsal transformasiyasının sürətləndirilməsi sahəsində beynəlxalq miqyasda formalaşan yeni trendlərin müəyyənləşdirilməsi baxımından mühüm platforma rolunu oynayıb.